Tıxacla BNA-da bacarmır! - "İşini bilməyən adamlar idarə edir" 

Milli Məclisin sonuncu iclasında deputatlar növbəti dəfə Bakıdakı tıxaclardan şikayətləniblər. Millət vəkili Fazil Mustafa bildirib ki, indi Bakı şəhərində pik saatı anlayışı yoxdur, istənilən saatda tıxacda qalmaq mümkündür. Deputat əlavə edib ki, aidiyyəti qurumların 2022-ci ildə bu problemin necə həll olunacağını insanlara izah etməsini gözləyirik: “Biz intellektual idarəetmə əvəzinə cərimə yığma yolunu seçdik. Nə parklanma məsələsi həll oldu, nə tıxac məsələsi öz həllini tapdı. Saat 9-da işə başlayan məmur saat 7-də evdən çıxır ki, işə gecikməsin. Bakı şəhərini necə yüngülləşdirəcəyik ki, insanlar tıxacda bu qədər vaxt itirməsin?! Bu problemin həlli üçün insanlara konkret yol xəritəsi təqdim olunmalıdır. 4 saat tıxacda qalmaq iqtisadiyyata nə qədər ziyan vurur”.

 Millət vəkili Razi Nurullayev isə qeyd edib ki, bu problemi tənqidlə həll etmək mümkün olmur: 

“İş saatlarını bölmək olar. Bəzi ölkələrdə insanlar iş saatlarını özləri seçir. Bizdə də bu təcrübəni tətbiq etmək olar. Saat 7-də işə gələn saat 3-də çıxsın. Bu dünyada tətbiq edilən mexanizmdir. İşçilərin bir hissəsinin iş saatı 8-də, 9-da, 10-da başlasın. Bunu bizdə tətbiq etsək, insanlar 3-4 saat yollarda qalmazlar”.

Davamlı gündəmə gələn tıxac problemi ilə bağlı fikirlərini “Şərq”ə bölüşən siyasi şərhçi Azər Həsrət tıxaclardan ən çox əziyyət çəkən şəxslərdən biri olduğunu deyib. 
Bəlli müddət yol mədəniyyəti ilə məşğul olan analitik bildirib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtdakı nəqliyyatı ümumiyyətlə idarə edə bilmir: 

“Bir parklanma məsələsi nədir ki, illərlə həlli mümkün olmur. Avtobus dayanacaqlarından fərdi maşınların saxlanması məsələsi də illərdir çözülmür. Xeyli vaxt keçsə də, hələ də ictimai nəqliyyat tam olaraq kart sisteminə keçməyib. Bu, ondan xəbər verir ki, Agentlik işini bilməyən adamlar tərəfindən idarə olunur. BNA-ya səlahiyyət veriləndə, etimad göstəriləndə ümid edilirdi ki, qısa zaman sorna paytaxtdakı qarmaqarışıqlıq ortadan qalxacaq. Ancaq tamamilə əksini müşahidə etdik. Məsələ ondadır ki, tıxac təkcə nəqliyyatın problemi deyil. Bakıda xaotik tikintilər gedir. Bir də görürsüz, xəbərdarlıq edilmədən, nişan qoyulmadan yolun hansısa mühüm hissəsini bağlayıb, orada tikinti aparırlar. Sürücü həmin yerə çatanda bilir ki, yol bağlıymış. Bu da bəzi qurumların yarıtmaz idarəçiliyindən qaynaqlanır”. 

A.Həsrət vurğulayıb ki, problemdən çıxış yolları mövcuddur: 

“Dünyada Bakıdan dəfələrlə böyük şəhərlər var və həmin meqapolislərdə nəqliyyat həqiqətən idarə edilir. Bizdəki “donmuş” tıxaclar isə heç yerdə yoxdur, maşınlar uzun müddət kilidlənib yerində qalır. Nəqliyyatın yavaş hərəkəti normaldır və dünyanın hər yerində var. Amma bizdə yerindən tərpənmək mümkün olmur. Bəzən intensiv hərəkətli bir yol dəqiqələrlə bağlı saxlanılır. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun vaxtında yaradılan “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” adlı quruma ilkin 20 milyon dollar vəsait ayrılmışdı. Ortada heç bir nəticə yoxdur. Kim deyər ki, bugün nəqliyyat intellektual idarə olunur?! Dayanacaqlarda monitorlar var, ancaq çoxu işləmir. Adi işıqforlar belə normal idarə olunmur. Pullar havaya sovrulub və hesabını soruşan yoxdur. Düşünəm ki, Bakının nəqliyyat problemini kökündən həll etmək üçün bu sahə işi bacaran şəxslərə həvalə olunmalıdır”.