Gürcülər Türkiyə görüşünə getməyəcək

Tbilisi "altılıq" platformasına qatılmamaqda israrlıdır

"Məsələnin digər tərəfi odur ki, ABŞ Gürcüstanın “altılıq” platformasında iştirakını istəmir"

Gürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək növbəti görüşündə iştirak etməyəcək. Bunu Gürcüstanın Türkiyədəki səfiri Georgi Cancqava Türkiyə mediasına açıqlamasında deyib. Səfir qeyd edib ki, Gürcüstan Türkiyə və Azərbaycanı strateji tərəfdaşları kimi, Ermənistanı isə tarixi qonşusu kimi görür. Bununla belə səfir, “altılıq” platforması iştirakçılarından olan Rusiyanın Gürcüstan ərazilərinin 20 faizini işğal edən bir ölkə olduğunu vurğulayıb. Xatırladaq ki, "altılıq" platformasının ilk iclası dekabrın 10-da Moskvada keçirilib. Həmin toplantıda region ölkələri rəsmi Tbilisiyə müraciət edərək, qonşu ölkəni “altılıq” əməkdaşlıq platformasına dəvət ediblər. Hətta Rusiya Xarici İşlər Nazirliyi də Gürcüstanla iqtisadi əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. 

Politoloq Natiq Miri “Şərq”ə açıqlamasında deyib ki, rəsmi Tbilisinin Rusiya ilə bağlı mövqeyinin dəyişməsi üçün Moskva işğal etdiyi əraziləri Gürcüstana geri qaytarmalıdır. Lakin ekspert Kremlin bu addımı atmayacağına əmin olduğunu söyləyib:

 “Gürcüstan torpaqlarının 20 faizini işğal edən Rusiyanın rəsmi Tbilisiyə “əməkdaşlıq” təklifi absurddur. Əslində Gürcüstanla əməkdaşlıq Rusiya üçün əhəmiyyət kəsb etmir. Kreml o qədər aqressivdir ki, hətta müəyyən əməkdaşlıq üçün şərait yaransa belə, ilk boşluqda Gürcüstana qarşı daha irəli addım atacaq. Əfsuslar olsun ki, Moskva ilə imzalanan saziş, anlaşma heç nə ifadə etmir. Beynəlxalq münasibətlər sistemində bunu dəfələrlə müşahidə etmişik. Geosiyasi maraqları tələb etdiyi təqdirdə Moskva öz imzasından tərəddüd etmədən vaz keçmək “qabiliyyətinə” malikdir”. 

N.Miri Rusiyanın 1994-cü ildə Ukraynanın təhlükəsizliyi ilə bağlı verdiyi zəmanət sənədini xatırladıb: 

“Nüvə silahlarının Ukraynadan alınması əvəzində Rusiya Kiyevə təhlükəsizlik zəmanəti vermişdi. Ancaq əvəzində Sevastopol və Krım kimi strateji önəmə malik Qara dəniz bölgələri işğal edildi. Bununla kifayətlənməyən Moskva Donetsk və Luqansk bölgələrinin bir hissəsini də zəbt etdi. Ona görə də rəsmi Tbilisi haqlı olaraq Rusiya ilə əməkdaşlıq etmir və Kremlin səmimi olduğuna inanmır. Həm də anlayır ki, Rusiya ilə əməkdaşlıq hökumətin əleyhinə işləyər və əhalinin etirazına səbəb olar. Məsələnin digər tərəfi odur ki, ABŞ Gürcüstanın “altılıq” platformasında iştirakını istəmir. Mexanizmin tam işlək vəziyyətə gəlməməsi üçün Qərb dairələri Tbilisi hökumətinə təsir göstərir”.