Yazda sərhədlərin müəyyənləşməsinə başlanacaq

Bakı və Ankara Laçın dəhlizinə nəzarət məsələsi üzərində işləyəcək

Azərbaycan Qarabağdakı ermənilərlə bağlı dövlət proqramını bu il açıqlaya bilər

2022-ci ildə Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması ehtimalı böyükdür. Moskva ABŞ-Rusiya qarşıdurması fonunda siyasi mübarizənin əsas cəbhələrindən olan Cənubi Qafqazda özünün vasitəçiliyi ilə əldə olunan razılaşmanın praktiki mərhələyə keçməsini istəyir. Əlbəttə, bu prosesin tamamlanması zaman ala bilər. Lakin Kreml üçün əsas məsələ delimitasiya müqaviləsinin imzalanması, ikitərəfli komissiyanın yaradılması və fəaliyyətə başlamasıdır. Bu, sərhəd üzərindən üçüncü tərəflərin bölgəyə müdaxiləsinin qarşısını alacaq. Eyni zamanda Ankara ilə münasibətləri normallaşdırmaq istəyən İrəvan Bakının gündəliyində cari məsələ olan sərhəd razılaşmasının icrasına razı görünür. Nikol Paşinyanın ötən ilin sonunda sərhəd razılaşmasının Ermənistanın əleyhinə olmadığına dair açıqlaması da bu fikri gücləndirir.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, Bakı, Ankara və Moskvanın bölgədə fikir ayrılığının olmadığı yeganə razılaşma sərhədlə bağlıdır. Analitikə görə, delimitasiya müqaviləsinin növbəti aylarda imzalanması, demarkasiya prosesinin də hava şəraitinin əlverişli olduğu dövrdə - yaz aylarında başlana biləcəyi gözləniləndir: 

“Kommunikasiyanın açılması üzrə praktiki addımların atılması da mümkündür. Brüsseldə “qarşılıqlı gömrük və sərhəd nəzarəti” məntiqi ilə əldə olunan razılaşma mövcud anlaşmalara yenidən baxmağı zəruri edir. Moskva da hazırda kommunikasiya üzrə vahid sənədlər paketinin yenidən işləndiyini açıqladı. Bu, kommunikasiyanın açılması prosesinin bir qədər zaman alacağını deməyə əsas verir. Mümkündür ki, nəqliyyat infrastrukturunun inşasını həyata keçirmək üçün kommunikasiyanın “dəhliz”, yaxud “yol” məntiqi üzrə açılması ilə bağlı son razılaşma sonraya saxlanılsın. Sərhəd və kommunikasiya cari ilin ən aktual məsələsi olacaq. Dövlət başçısı İlham Əliyev də 2021-ci ilin yekun çıxışında rəsmi Bakının Soçi və Brüssel razılaşmalarının 2022-ci ildə reallaşmasını gözlədiyinin mesajını verdi”. 

Ekspert “3+3” formatında əməkdaşlığın dərinləşə biləcəyini də istisna etməyib: 

“Türkiyə və Rusiya Qərb-Rusiya qarşıdurması fonunda bölgədə əməkdaşlığın dərinləşməsinə çalışacaq. ABŞ-la nüvə danışıqları üzrə dil tapa bilməyən İran bu formatda aktivliyini artıracaq. Bakı “3+3” formatını “problemlərin həlli platforması” kimi Minsk qrupu formatına qarşı istifadə edilməsini aktuallaşdıra bilər”. 

A.Nərimanlı vurğulayıb ki, cari ildə Bakı və Ankara Laçın dəhlizinə nəzarət məsələsi istiqamətində işləyəcək: 

“Azərbaycan Qarabağdakı ermənilərlə bağlı dövlət proqramını bu il açıqlaya bilər. Sərhədin müəyyən edilməsi erməni qoşunların Azərbaycan sərhədləri daxilindən çıxarılması zərurətini aktuallaşdırır. Moskva da Soçi razılaşması ilə yanaşı, müharibədən sonrakı danışıqların baza prinsipini təşkil edən 10 noyabr bəyanatının heç bir irəliləyiş olmayan bəndinin icrasına vasitəçiliyinin effektivliyi baxımından razı ola bilər. Paşinyanın “Qarabağın statusu” ilə bağlı son açıqlaması, separatçılarla İrəvan arasındakı çatlar da Ermənistanın “oyundan çıxacağı” perspektivini gücləndirir. Bu perspektivlər fonunda Bakı erməni əhali üzərində təbliğatı artırar. Nəzərə alaq ki, birgəyaşayışla bağlı dövlət proqramının açıqlanması bu addımlardan biridir”.