Paşinyan ermənilərin sonuncu ümidini qırdı

Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasına indi daha münbit zəmin yetişib

Ermənistanın “3+3” formatında keçirilən görüşlərə qatılması postmünaqişə dövrünü qəbul etməsi və Azərbaycanla sülh sazişini imzalaması imkanlarını da artırır. Son günlər Baş nazir Nikol Paşinyanın Qarabağ haqqında söylədikləri, sərhədlərin müəyyənləşməsinin və kommunikasiyaların bərpasının İrəvan üçün prioritet olduğunu söyləməsi də göstərir ki, Ermənistan mövcud reallığı dərk etməyə başlayıb. Düzdür, Paşinyan ara-sıra daxili rəyə hesablanmış mesajlar versə də, görünən odur ki, İrəvanın hədəfi iqtisadi gəlirlər əldə etmək, xüsusilə Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqdır. Bunun da yolu sülh sazişindən keçir. Son günlər Paşinyanla Qarabağdakı separatçılar arasında gərginliyin yaranması da göstərir ki, İrəvan rəsmi Bakı və Ankaranın tələblərini qəbul etmək ərəfəsindədir. Ermənistan bir müddət vəziyyətin nə yerdə olduğunu, başqa alternativlərin mövcudluğunu öyrənmək üçün həmlələr etdi. Amma anladı ki, seçim qalmayıb, münasibətləri bərpa etməkdən başqa nicat yolu yoxdur. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında qeyd edib ki, separatizmin qalıqlarını sıradan çıxarmaq, Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına və digər məsələlərin həllinə nail olmaq üçün indi daha münbit zəmin yetişir. Partiya sədrinin sözlərinə görə, əgər Rusiya sülhməramlıları separatçılara himayəçilik etməsə və 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsi prosesində Azərbaycanla eyni mövqedən çıxış etsə, Qarabağda erməni separatizminə tezliklə son qoymaq mümkün olacaq:

 “Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar bütün tərəfləri məsələlərin  tənzimlənməsinə rasional yanaşmağı diktə edir. Nikol Paşinyanın onlayn formatda keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər və  Ermənistan ictimaiyyətinə verdiyi birbaşa mesajlar onun yeni reallıqlarla barışdığını və düzgün mövqe tutmağa başladığını göstərir. Baş nazirin beynəlxalq hüquq normalarına əsasən, Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirməsi, Qarabağın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki şansın qalmadığını bildirməsi proseslərə yeni yanaşmadan xəbər verir. Bu o deməkdir ki, Paşinyan ermənilərin Qarabağın statusu ilə bağlı sonuncu ümidlərini də qırdı və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu nümayiş etdirdi”.
Ə.Hüseynov bəyan edib ki, bütün bunlar Paşinyanın yeni reallıqları qəbul etdiyini göstərir və həm Ermənistanın özündə, həm də Xankəndidə tamamilə yeni situasiya yaradır: “Təsadüfi deyil ki, Ermənistan Baş nazirinin son açıqlamalarından sonra Xankəndidəki separatçıların “lider”i Araik Arutyunyan faktiki olaraq Nikol Paşinyana qarşı “müharibə” elan edib. Hazırda Qarabağ bölgəmizin dağlıq hissəsində, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında demək olar ki, hamı Paşinyanın əleyhinə köklənib. Bu da Arutyunyanın son günlərdə intensiv şəkildə apardığı anti-Paşinyan təbliğatının nəticəsidir. Paşinyan-Arutyunyan qarşıdurmasının pik həddə çatması müəyyən mənada Azərbaycanın maraqlarına uyğundur. Rəsmi İrəvanın dəstəyindən məhrum vəziyyətə düşmüş Qarabağ separatçılarını daha yumşaq üsullarla neytrallaşdırmaq və Xankəndidə Azərbaycanın suverenliyini bərpa etmək üçün əlverişli imkanlar yaranır”.