Əli Əlizadə: “İran şirkətləri azad olunmuş ərazilərdə sərmayə yatırmağa dəvət olunublar”

"Azərbaycan Prezidentinin sərəncamları ilə işğaldan azad olunmuş ərazilərdə Şərqi Zəngəzur iqtisadi rayonu, Qarabağ iqtisadi rayonu, Araz Vadisi İqtisadi Zonası kimi bölgələr yaradılıb və İran şirkətləri də həmin ərazilərdə sərmayə yatırmağa, bərpa və quruculuq işlərində iştirak etməyə dəvət olunublar”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın “İRİB” xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda yeni reallıqlar yaratmaqla yanaşı İranla əlaqələrdə də əlavə yeni imkanlar açıb.

"İşğaldan azad edilmiş ərazilərdə "ağıllı" kəndlər, şəhərlər tikilir, "yaşıl enerji" zonaları yaradılır və yaxın zamanlarda məcburi köçkün və qaçqınlarımızın həmin ərazilərə qayıtması üzərində işlər qəbul olunmuş proqram əsasında gedir. Azərbaycanın İranla sərhəd ərazilərinin 132 km hissəsi də erməni işğalından azad edilib və artıq İranla olan sərhədlərimiz tam olaraq Azərbaycanın nəzarətindədir. Azərbaycan Prezidenti Azərbaycan-İran sərhəddini dostluq sərhəddi adlandırıb", - Ə.Əlizadə deyib.

Səfir bildirib ki, Prezidentin sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə sahibkarlara və özəl şirkətlərə gömrük və vergi güzəştlərinin, sosial sığorta, kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) və digər güzəştlərin tətbiqi təlimatları verilib: “Orada fəaliyyət göstərən şirkətlərlə dövlət‒özəl sektor tərəfdaşlığının yaradılması və tam dövlət dəstəyinin verilməsi aidiyyəti qurumlara tapşırılıb. İcra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və regionun iqtisadi inkişafında mühüm rol oynayacaqdır. İran şirkətləri də əminəm ki, bu inkişafa öz tövhəsini verəcək”.