“Ermənistan Türkiyə və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır”

Ermənistan İrəvan və Ankaranın xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın fevralın 24-də Vyanada aparacaqları danışıqlarda diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məsələsini müzakirə edəcəklərini gözləyir. Bunu çərşənbə günü parlamentdəki hökumət saatında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.O, vurğulayıb ki, özünün Antalyadakı diplomatik forumda iştirakı məsələsi daha çox Vyanada keçiriləcək danışıqların nəticəsindən asılıdır.
Qeyd edək ki, tərəflərin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.

Yaxın zamanda baş tutacaq görüşü “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bu görüşün böyük önəm daşıdığını bildirib. O qeyd edib ki, Vyanada baş tutacaq görüş həm Ermənistan, həm Türkiyə, həm də Azərbaycan üçün böyük siyasi əhəmiyyət daşıyır:

“Bu ölkələr, xüsusilə Türkiyə və Ermənistan yüz ildən çoxdur ki, qarşıdurma vəziyyətindədir. Azərbaycan-Ermənistan münasibətləri isə son 35 ildə daha da gərginləşib. Bu yaxınlaşma bu tip siyasi münaqişələri bir növ səngidəcək. İkinci olaraq, Ermənistan Azərbyacan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, bunu öz konstitusiyasında göstərib. Yəni bu cür görüşlər həmin məsələlərin siyasi müstəvidən qanuni müstəviyə keçəcəyinə və həll olunacağına dəlalət edir”.
Professorun qənaətincə, bu görüş Ermənistanın Türkiyəyə qarşı əsassız soyqırımı iddialarına da təsir göstərəcək:
“Ermənistan 107 ildir ki,  Türkiyəyə qarşı olmayan, saxta soyqırımı haqqında iddialarla çıxış edir. Ermənistan bu barədə dünya dövlətlərinə müraciət edir. 1965-ci ildə ilk dəfə Uruqvay bu soyqırımı tanıyıb. Ondan sonra təxminən 17-ə qədər dövlət bu və ya digər forrmada Türkiyəni soyqırımında ittiham edib. Amma bunun hüquqi nəticəsi yoxdur. Bu məsələ də aradan qalxacaq”.

C.Nuriyev sözügedən görüşdə öz həllini tapa biləcək məsələləri sadalayıb:

“Ermənistan Türkiyə və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Torpaqların delimitasiya, demarkasiyası və sərhədlərin tanınması məsələləri var ki, bunlar Azərbaycan üçün birmənalı şəkildə həll olunmalıdır. Zəngəzur dəhlizi də bu üç ölkənin marağı dairəsində olan məsələdir. Ölkələr arasında sərhədyanı ticarət mərkəzi məsələsi açıla bilər. Xüsusən, bu, Naxçıvan üçün böyük önəm daşıyır. Naxçıvan elə bir bölgədir ki, Ermənistan, Türkiyə, İranla sərhəddir. Əgər Naxçıvan azad iqtisadi zona elan olunsa, çox sürətlə inkişaf edər. Naxçıvanın buna ehtiyacı var. Gələcəkdə Azərbaycan resurslarını Naxçıvan üzərindən dünya bazarına çıxarmaq layihələrini qəbul edə bilərik. Bu da bizim üçün çox mühüm bir məsələdir. Həm də Azərbaycan və Türkiyənin qoşulduğu “23+3 platforması”na siyasi töhfə olacaq. Yəni bu görüşün nəticələrindən çox şey asılıdır. İnanıram ki, bu görüşlərdən sonra həm Ermənistanın Türkiyədə, həm Azərbaycanda ən azı nümayəndəliyi açıla bilər. Pakistan, Səudiyyə Ərəbistanı və Azərbaycanı dəstəkləyən digər ölkələr hələ Ermənistanı müstəqil dövlət kimi tanımayıb. Bu Ermənistan üçün də çox vacib problemdir. Diplomatik nümayəndəliyin açılması Ermənistan üçün yeni iş yerləri, yeni gəlir mənbəyidir. Bütün bunların hamısını rəsmi İrəvan nəzərə almalıdır ki,

 Azərbaycanın və Türkiyənin belə şeylərə ehtiyacı yoxdur. Amma istəyirik ki, qonşu dövlətlərlə hər hansısa problemimiz olmasın. Artıq "Dağlıq Qarabağ" adlı münaqişə yoxdur, tarixin arxivinə qovuşub. Qarabağda yaşayan ermənilər də, necə Bakıda 30 min erməni yaşayır, qoy 30 mini də orada yaşasın. Biz bunun əleyhinə deyilik. Amma yalnız Azərbaycanın qanunları çərçivəsində bu baş tuta bilər. Təbii ki, birinci görüşdə bu məsələlərin hamısı həll olunmayacaq”.

C.Nuriyev toplantının Vyanada keçirilməsini uğurlu və əhəmiyyəli hesab edir:

“Görüşün Vyanada keçirilməsi daha çox məsələnin müzakirə olunmasına səbəb olacaq. Bilirsiniz ki, Moskvada keçirilən görüşdə Rusiya Ermənistana çox güclü siyasi təzyiq göstərirdi. Amma Vyanada Rusiyanın elə təzyiq bıçaqlarının olacağına inanmıram. Orada çox maraqlı məsələlər müzakirə oluna bilər və bunun çox müsbət diplomatik nəticələrinin olacağına da inanıram”.

Çimnaz Şahlar