Zaxarovanın canfəşanlığının kodları açılır:“Erməni terrorçuların qaytarılması Rusiyanın...”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycanın 8 erməni hərbçisini Ermənistana təhvil verməsindən danışıb. O rəsmi Bakının addımını alqışlayıb:
“Ermənistan-Azərbaycan münasibətlərindəki problemli məsələnin tezliklə aradan qaldırılması və məhbusların “hamı üçün” formuluna uyğun olaraq mübadiləsinin başa çatdırılması vacibdir".

Qeyd edək ki, Rusiya Ermənistanla bağlı daim öz mövqeyini açıq şəkildə bəyan edib. Azərbaycanın müsbət addım atması rəsmi Moskvanın alqışına səbəb olub. Lakin rəsmi İrəvanın öhdəliklərindən boyun qaçırmasına Kreml heç bir reaksiya vermir. Ermənistan isə hələ də məsuliyyət yayınır, 10 noyabr və 11 yanvarda imza atdığı sənədlərin tələblərini yerinə yetirmir. 

Mövzu ilə bağlı “Sherg.az”a münasibət bildirən siyasi elmlər doktoru Sabir Məmmədli Rusiyanın həmişə Ermənistan tərəfdən çıxış etdiyini bildirib:

“Müharibədən əvvəl də, sonra da Rusiya rəsmi İrəvanı dəstəkləyib. Sözsüz, Ermənistanın xeyrinə hər hansı bir addım atılması Kreml rəhbərliyinin ürəyincədir. Ona görə, 8 erməni hərbçinin  qaytarılması yanlış deyil, pozitiv addım kimi qiymətləndirilib. Təbii ki, terrorçuların qaytarılması Rusiyanın lehinədir”.

Professorun sözlərinə görə, Rusiya heç vaxt Azərbaycanla bağlı müsbət bir addım atılmasını alqışlamayıb:

“Zaxarova da heç dilə gətirmir ki, Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin və ya kütləvi məzarlıqların koordinatlarının verilməsinə dair öhdəlik götürüb. Lakin ortada real addımlar yoxdur. Rəsmi Moskva da bunu dilə gətirmir. Əslində, Rusiya bizi daim sıxışdırmağa və əl-qolumuzu bağlamağa çalışıb. Bu, həm hərbi, həm diplomatik gedişatlarda özünü büruzə verib”.

 S.Məmmədli izah edib ki, Ermənistan öz öhdəliyinə əməl etsə, müəyyən nüanslar üzə çıxacaq:

“Nəzərə almaq lazımdır ki, 8 erməni hərbçinin geri qaytarılması Avropa İttifaqı rəsmilərinin təşəbbüsü ilə həyata keçirilib. Ermənistanın öhdəliyi yerinə yetirməsi birbaşa Birinci Qarabağ müharibəsi zamanı baş verən kütləvi qırğın faktlarını geniş şəkildə üzə çıxarmağa kömək olacaq. Ehtimal odur ki, rus hərbçilərinin dinc əhaliyə qarşı törədilən vəhşiliklərdə iştirakı istisna deyil. 366-cı alayın nümayəndəsilə birlikdə rus və Orta Asiya millətləri də iştirak edib. Hətta qırğından qabaq 3 qazax və 3 qırğız hərbçi qaçır. Ermənistan məzarların yerlərilə bağlı məlumatları versə, biz bütün bu hadisələri dərin şəkildə tətbiq edəcik. Rusiyanın da əsl üzünü göstərmiş olacağıq”.

Cəmilə ƏZİM