Rusiya da diplomatlarını Ukraynadan çıxarır

Rusiya diplomatik missiyasının əməkdaşları Ukraynanı tərk edirlər.
Bu barədə məlumatlı mənbə RİA Novosti agentliyinə bildirib.
“Ukrayna vətəndaşlarının ifadələrinə əsasən, Ukraynadakı rusiyalı diplomatlar və konsulluq əməkdaşları Rusiyaya getməyə başlayıblar. Bunu xüsusilə konsulluqlar və səfirliklərlə görüş zamanı yaranan çətinliklər sübut edir”, - deyə o vurğulayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, bəzi Qərb ölkələrinin rəsmən elan etdiyi təxliyə fonunda bu, “Moskvanın da eyni yolla getməyə qərar verdiyini deməyə əsas verir”.
“Yeri gəlmişkən, Sergey Lavrov Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trussla danışıqlardan sonra keçirilən mətbuat konfransında belə bir ssenarinin mümkünlüyünə eyham vurmuşdu”, - deyə o xatırladıb.

Qeyd edək ki, artıq bir neçə gündür Avropa ölkələrinin rəsmi nümayəndələri vətəndaşlarını Ukraynanı tərk etməyə çağırır.