Müdrik siyasi zəka lazımdır

Partiya sədri Azərbaycan və Türkiyə liderlərinə təşəkkür edib

“Ukrayna xalqının haqq işini dəstəkləyən liderlər tarixə imzalarını atmış sayılırlar”. 

Bu barədə “Şərq”ə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri qeyd edib ki, Ukraynaya dəstək verənlər arasında Azərbaycan və Türkiyə liderləri də var:

 “Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ukraynada atəşkəsin elan edilməsi, savaşın dayandırılması üçün vasitəçilik təşəbbüsü ilə çıxış ediblər. Bu təşəbbüs heç şübhəsiz ki, alqışalayiqdir. Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya tibbi yardım göndərilib. 

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri təcili tibbi yardım maşınlarının və yanğınsöndürən maşınların pulsuz yanacaqla təminatını həyata keçirəcəklər. Beləliklə, 44 günlük İkinci Qarabağ savaşında bizə dəstək verən, yanımızda olan Ukrayna xalqı gördü ki, biz də Azərbaycan dövləti və xalqı olaraq Ukraynanın yanındayıq. Bütün bunlar dövlətimizin, liderimizin ən kritik məqamda dost Ukrayna xalqına səmimi dəstək nümayiş etdirməsidir. Xüsusən, həlledici məqamda Azərbaycanın vasitəçilik missiyası təşəbbüsü ilə çıxış etməsi bu kritik günlərdə Ukrayna üçün olduqca vacibdir”. 

Ə.Hüseynov bildirib ki, dövlət başçısı İlham Əliyevin həm Rusiya, həm də Ukrayna prezidentləri ilə telefon söhbəti zamanı Ukraynadakı hadisələri müzakirə etməsi Azərbaycanın vasitəçilik niyyətlərinin ciddiliyindən xəbər verir:

 “Ukrayna dövlətinin və xalqının bu ağır günlərində onun yanında olan, həm ukraynalıların, həm də rusların müharibədə həlak olmalarının qarşısını almaq üçün vasitəçilik təşəbbüsü ilə çıxış edən Azərbaycan və Türkiyə prezidentlərinə Milli Həmrəylik Partiyası olaraq təşəkkür edirik. Bölgəmizdə və dünyada baş verən proseslərə dövlət ağlı ilə yanaşmaq, müdrik siyasi zəka ilə mövqe sərgiləmək gerçəkdən də alqışalayiqdir”.