Ermənilər heç vaxt bizimlə səmimi olmayacaqlar

Yaxın 50 ildə erməni yalanlarına qarşı duruş gətirmək üçün durmadan çalışmalıyıq

Hakimiyyətə hansı şəbəkənin gəlməsindən asılı olmayaraq, uydurma soyqırım təbliğatından əl çəkməyəcəklər

   Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı yaydığı tamamilə əsassız və yalan dolu iddialara münasibət bildirib. Nazirlikdən vurğulanıb ki, 1988-ci il fevral ayının sonlarında Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi. XİN bir daha xatırladıb ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılıb. Nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edilib: “Hadisənin qurbanları arasında 6 nəfəri azərbaycanlı idi. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub. Onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb”. Qeyd olunub ki, 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib. Həmçinin bir nəfər ölüm cəzası alıb. Lakin 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib. Azərbaycanın 20 faiz ərazisini otuz ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti çərçivəsində çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Lakin bu cinayətləri törədənlərdən heç kim bugünədək hüquqi məsuliyyətə cəlb olunmayıb. Nə qədər ki, Ermənistan hakimiyyəti yalan üzərində qurulan barışmaz mövqe nümayiş etdirəcək, təəssüf ki, bir o qədər erməni xalqı sülh və rifahdan məhrum olacaq.

Vəhdət Partiyasının sədr müavini, Sumqayıt sakini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında bildirib ki, “Sumqayıt hadisələri” zamanı fəal gənc olaraq hadisələrin episentrində olub. Partiya funksionerinin sözlərinə görə, məlum hadisələr onun gözləri önündə baş verib: 

“Sadəcə, bir faktı qeyd etmək istəyirəm. Fevralın 26-da təhsil aldığım institutun qarşısına xeyli sayda qaçqınlar cəlb edilmişdi. İnsanlar acıqlı idilər və bu, başadüşülən idi. Lakin kütlə arxa cərgədə dayanmış dəri plaşlı adamlar tərəfindən idarə olunurdu. Onlar iddia edirdilər ki, guya, institutda erməniləri gizlədiblər və onlara təhvil verilməsini istəyirlər. Açığı, bu insanların arasında xeyli sayda həm fizioloji quruluşu, həm də ləhcələri çox fərqli olan insanlar var idi. Biz bacardığımız qədər olayların qarşısını alırdıq. Bu an arxa tərəfdən qara “Qaz-24” maşınından iki ədəd nağara gətirdilər və insanları coşdurmaq üçün ritmlər çalmağa başladılar. Kütlə üzərimizə yeridi və giriş qapılarının şüşəsini qırdı. Biz bir neçə nəfər onları inandırdıq ki, içəridə heç kim yoxdur. İki nəfər nümayəndələri ilə otaqları gəzdirdik. Ona qədər erməni və rus tələbələri otaqlarda gizlədə bilmişdik. Bütün bunları, əgər vicdanları ölməyibsə, Sumqayıtda təhsil alan ermənilər təsdiq edərlər. Şahid kimi bunları deməkdə məqsədim odur ki, Ermənistanın bizə qarşı istifadə etdiyi qara piarın heç bir əsası yoxdur”. 
V.Əfəndiyev bəyan edib ki, ermənilər heç vaxt bizimlə səmimi olmayacaqlar: “Hakimiyyətə hansı şəbəkənin gəlməsindən asılı olmayaraq, uydurma soyqırım  təbliğatından əl çəkməyəcəklər. Biz isə eyforiyaya qapılmamalıyıq, erməni riyakarlığını durmadan ifşa etməliyik. Yaxın 50 ildə erməni yalanlarına qarşı duruş gətirmək üçün durmadan çalışmalıyıq. Ermənilər düzələn deyil. Hazırda dünyada çox ciddi proseslər gedir. Rusiya Prezidenti V.Putin ölkəni dönüşü olmayan yola istiqamətləndirir. Müharibənin nəticəsindən asılı olmayaraq, Ukrayna yenidən dirçələcək. Avropa İttifaqı və ABŞ Ukraynanın iqqtisadiyyatının dirçəlməsi üçün milyardlar ayıracaq. Ermənistan da fürsətdən istifadə edib, “əzilən rəzil xalq” obrazında dünyaya əl açmaq üçün fürsət gözləyir”.