Qarabağda müharibə zamanında dayandırıldı

Əməliyyatın miqyası genişlənsəydi əlavə risklər doğurardı

Aqşin Kərimov: "Azərbaycan Xankəndinə qoşun yeritsəydi, Rusiyanın hərbi təzyiqi və Qərbin sanksiyaları ilə üzləşə bilərdi"

2022-ci il postsovet məkanı üçün heç də xoş hadisələrlə başlamadı. Qazaxıstan hadisələrindən sonra isə daha dəhşətli senari işə düşdü. Rusiya gözlənildiyi kimi, Ukraynaya qoşun yeridərək təcavüz planını işə saldı. Postsovet coğrafiyasının taleyi həmişə qarışıq və faciəli hadisələrlə zəngin olub. Hazırda böyük güclərin savaşından qopan daşlar yenə bu məkan üzərində fırlanır. Ukraynadakı müharibənin bəzi məqamları istər-istəməz ikinci Qarabağ müharibəsi ilə analogiyalar aparmaq zərurətini də ortaya qoyur. Çünki MDB məkanındakı hadisələrin motivi bir-biri ilə oxşarlıq təşkil edir.

Siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, Azərbaycan Ermənistanla müharibə aparanda onu ən çox Türkiyə dəstəkləyirdi.

 Ekspertin sözlərinə görə, Qərb ölkələri Ukraynaya göstərdiyi həmrəyliyi Vətən müharibəsində Azərbaycana münasibətdə sərgiləmirdilər, xəsis davranırdılar: “Azərbaycan-Ermənistan müharibəsinin davam etməsi, bunun miqyasını genişləndirməsə də, əlavə risklər doğurardı. Azərbaycan zamanında, Ermənistandan kapitulyasiyaya dair cədvəl aldıqdan sonra müharibəni dayandırdı və 3 rayon hərbi-siyasi yolla qaytarıldı. İndi ən çox səslənən suallardan biri də budur: “Azərbaycan Xankəndinə niyə girmədi”. 

Birincisi bu sual haqlı ola bilər, amma tələbqarışıq fikir bir qədər yumşaq desək, hərbi-siyasi mövzudakı diletantlıqdan qaynaqlanır. Nəzərə alaq ki, Azərbaycan Xankəndinə girsəydi, orada mülki erməni əhalisi hərbi əməliyyatlar üçün çətinlik yaradacaqdı. Xankəndini azad etmək an məsələsi idi, lakin Azərbaycan bütün halları hesabladı. Əgər Xankəndidə bir erməni mülki sakin müqavimət göstərdikdən sonra adekvat cavab tədbiri nəticəsində həlak olsaydı, Ermənistan həyasız şəkildə küy yaradaraq bunu az qala etnik təmizləmə kimi qələmə verəcəkdi”. 

Ekspert vurğulayıb ki, Azərbaycan Xankəndinə qoşun yeritsəydi, Rusiyanın hərbi təzyiqi və Qərbin sanksiyaları ilə üzləşə bilərdi:

 “Bakı səmasında partladılan raket isə yəqin böyük dağıntılar törətməyə doğru uçurdu. Beləliklə, müharibənin radiusu sərhədləri aşacaqdı və Azərbaycan beynəlxalq risklə üz-üzə qalacaqdı. Hərbi cəhətdən isə, Azərbaycan Rusiya ilə yox, məhz Ermənistanla müharibəyə hazırlaşmışdı. 

Ancaq Prezident İlham Əliyev zamanında verilən strateji qərarlarla Azərbaycanı təhlükələrdən və geosiyasi kataklizmlərdən sığortaladı. Azərbaycan dövləti postmüharibə dövründə regional və qlobal oyunçularla bərabərhüquqlu münasibətlər quraraq qarşılıqlı öhdəlik sistemini formalaşdıran sənədlərə imza atdı. 

Azərbaycan indi Ukraynanın ərazi bütövlüyünə dəstək verir və Ukraynaya humanitar yardımını da əsirgəmir. Azərbaycan özünü siyasi avantüralardan məharətlə kənarda tutan mövqe tutur ki, bu da normaldır”.