Deputat: "Avropa İttifaqı  “xristian süfrəsi”dir Moldova da...”

Ukrayna və Gürcüstanın ardınca Moldova da Avropa İttifaqına üzvlük üçün müraciət edib. Ölkə prezidenti Maya Sandu namizəd ölkə statusu üçün rəsmi müraciət formasını imzalayıb. Sənədə prezidentlə yanaşı Baş nazir Natalya Qavrilita və parlamentin sədri İqor Qros da imza atıb.

Ölkə prezidenti sənədin imzalanmasından öncə keçirilən brifinqdə “Biz sülh, demokratiya və azadlıq istəyirik” deyib. O, ölkə vətəndaşlarının Moldovanın gələcəyini Avropa İttifaqında gördüyünü vurğulayıb. 

Sənəd yaxın günlərdə birliyə sədrlik edən ölkənin rəhbəri Fransa Prezidenti Emmanuel Makrona təqdim ediləcək.

Rəsmi Kişinyovun İttifaqa müraciətinin arxasında dayanan səbəbləri "sherg.az"a açıqlayan Millət vəkili Aqil Abbas bildirib ki, Ukrayna-Rusiya münaqişəsi Moldovaya da təsir edə bilər:

“Avropa İttifaqına üzv olan dövlətlər Şengen vizası əldə edə bilirlər. Bu da gediş-gəlişi asanlaşdırır. 

Üzv dövlətlərin insanları rahatlıqla Avropada işləyə bilərlər. İttifaqa qoşulmaq imkanı böyük şansdır. 

Amma nəzərdə saxlamaq lazımdır ki, Avropa Birliyi iqtisadi əməkdaşlıqdır. Hərb birliyinə qoşulmaq istəyən dövlətlər NATO-ya üzv olmağa çalışmalıdır.

Moldovanın ittifaqa qoşulmaq üçün müraciəti qəbul edilə bilər. Çünki bu birlik xristian süfrəsidir. Türkiyə kimi dünya güclərindən birini qəbul etməyib, Ukrayna kimi hansısa "podval"da imza çəkən dövlətin qəbul edilməsi bunu sübut edir”. 

Xanlar ƏLİBƏY