Beynəlxalq sistemdə vəziyyət dəyişir

ABŞ Azərbaycan və Ermənistana münasibətdə Bakıya üstünlük verir

Məqsəd isə Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluq imkanlarını minimuma endirməkdir

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib. 

Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında eskalasiya ilə bağlı xəbərlərə toxunan dövlət katibi tərəfləri təmkin nümayiş etdirməyə və bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb.

ABŞ-dan gələn zəngi “Şərq”ə dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov Rusiya-Ukrayna müharibəsinin davam etdiyi zamanda ABŞ Kremlin digər regionlardakı, o cümlədən Cənubi Qafqazdakı təsir dairəsini zəiflətmək cəhdlərinə girişib. Analitik vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində özünü qabağa salmağa çalışan ABŞ hegemonluq iplərini əlindən buraxmaq niyyətində olmadığını göstərir: 

“Hər şey ondan başlayır ki, Azərbaycan Ermənistana sülh üçün 5 maddəlik baza prinsipi təklif edir, İrəvan isə topu ATƏT-in Minsk qrupu həmsədrlərinin meydançasına atır. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulmasında aktiv təşəbbüskar missiyası ilə çıxış edir və bunu rəsmi Bakı ilə koordinasiyalı şəkildə həyata keçirir. Bakı ilə İrəvan arasında buzların əriməsi üçün yeni mərhələ məhz Antalya Diplomatiya Forumunda başladıldı. Ermənistanın da həmsədrlərə müraciəti “post-Antalya” dövrünə təsadüf etdi. ABŞ-la Türkiyə sadəcə NATO maraqları çərçivəsində birgə maraq ifadə edə bilərlər. Amerika tərəzinin gözünün Ankara tərəfinə əyilməsinə yol verməməyə çalışır. Cənubi Qafqazdakı postmünaqişə dövrü Türkiyə ilə Rusiyanı bir-birinə daha da yaxınlaşdırıb. Amma Moskva da proseslərdə Ankaranın birinci dərəcəli olmasına qarşı strateji duruş sərgiləyir. Fransaya gəlincə, onun hazırkı sükutunun səbəbi Avropanın Azərbaycan qazına ehtiyacı ilə bağlıdır. Buna görə, Bakı indi rəsmi Paris üçün siyasi-iqtisadi fayda gətirən məkan rolunu oynayır. Ancaq Fransa siyasətinin qayəsindəki Azərbaycan və Türkiyəyə qarşı hikkə hələ də soyumayıb. Sadəcə, Paris situativ möhtaclar səbəbindən bir qədər geri çəkilmiş görüntüsünü yaradır”.
Ekspertə görə, Ermənistanın həmsədrlərə müraciətindən sonra diplomatik-siyasi trafiklərdə də canlanma müşahidə edilir: “ABŞ dövlət katibi Entoni Blinken martın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyanla, martın 15-də isə Azərbaycan Prezidenti ilə telefon danışığı aparıb. Beynəlxalq sistemdə baş verənlərə münasibətdə ABŞ-ın Azərbaycana və Ermənistana münasibətində üstünlük Bakıya verilir. Söhbət ondan gedir ki, Blinken yalnız ölkə rəhbəri İlham Əliyevlə telefon danışığında Azərbaycan dövlət başçısına Ukrayna münaqişəsində sərgilədiyi mövqeyə görə təşəkkür edib. Blinkenin dövlət başçısı İlham Əliyevə zəngi həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində baş verən insidentlər kontekstində diqqət çəkir. Mümkündür ki, ABŞ bu məsələdə Azərbaycanın yanında yer alır. Məqsəd isə Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluq imkanlarını minimuma endirməkdir. Amma Azərbaycan ölkə ərazisini böyük oyunçuların rəqabət meydanına çevirmək siyasətindən uzaqdır, verilən siyasi qərarlar Azərbaycanın qırmızı cizgilərini özündə ehtiva edir. Rəsmi Bakı prinsipcə, həmsədrlərin sülhyaratma prosesində iştirakına qarşı deyil. Lakin Bakı ilə Ankara birgə səylərlə bu iştirakı praqmatik siyasətə köklənən prinsiplərə əsaslanmasını tələb edir. Blinkenlə Prezident İlham Əliyev yəqin ki, Azərbaycan-İran anlaşması barədə də müzakirə aparıblar. Çünki regionda İranla bağlı baş verən istənilən hadisə Ağ Evin diqqət mərkəzində olur. Ümumən, Blinkenin telefon zəngindən çıxan nəticə budur ki, Vaşinqton Ukraynadakı müharibə səbəbilə Rusiyanı bütün cəbhələrdə hərbi iştirakdan kənarda qoymaq istəyir. Buna görə də sülhyaratma prosesinə öz siyasi töhfəsini verməklə “minimum şəkildə Rusiya” prinsipini önə çəkir. Həmçinin, Azərbaycan-İran münasibətlərində Bakının maraqlarına önəm verir. Çünki Azərbaycan Qərb-İran münasibətlərində Qərb üçün əhəmiyyətli rola malikdir”.