Bakının gedişləri İrəvanı mat qoydu

Ermənistan daha Zəngəzur dəhlizinə mane ola bilməyəcək

“Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasını siyasi alver predmetinə çevirdiyinə görə, rəsmi Bakı alternativ varianta üstünlük verdi”. Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, İrəvan Zəngəzur dəhlizinin açılmasını Qarabağda etnik ermənilər üçün “status” məsələsi ilə paralel olaraq danışıqlar predmetinə çevirməyə çalışırdı: 

“Bu, 10 noyabr bəyannaməsinin İrəvan tərəfindən pozulması deməkdir. Ermənistan bununla Azərbaycana təzyiq etmək niyyətində idi. Lakin Azərbaycanın İranla Anlaşma memorandumu imzalaması Ermənistanın Azərbaycana qarşı əlində təzyiq vasitəsini heçə endirdi. 

O səbəbdən Ermənistan siyasi dalandan çıxmaq üçün Azərbaycanın sülh təklifinə Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparmasını şərt kimi irəli sürüb. Paşinyan “status” məsələsini növbəti dəfə gündəmə daşımağa cəhd edib. Göründüyü kimi İrəvan Qərbin vasitəsilə Azərbaycana təzyiq etmək üçün diplomatik müstəvidə iş aparır. Amma qarşı tərəfin “diplomatik” həmlələri müsbət nəticə verməyəcək”. 

Analitik qeyd edib ki, rəsmi Bakı Avropa ölkələri ilə siyasi-iqtisadi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirir: “Tərəflər arasında narazılıq yaradacaq proses yoxdur. Avropa müharibənin gedişində Azərbaycana təzyiq etməyib.

 Təhlükəsizliyi Rusiya tərəfindən təhdid edildiyi indiki dönəmdə Ermənistanın siyasətinə alət olub Bakıya təzyiq etməyəcək. Paşinyanın Fransaya səfərində bu amil başlıca yer tuturdu. “Bulanıq suda balıq tutmaq” cəhdləri erməni rəhbərliyi tərəfindən hələ davam etdirilir. 

Ermənistan müharibədən sonra məhz Avropanın geoiqtisadi və geosiyasi maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılmasına mane olmaqla bir növ Şərq və Qərbi birləşdirəcək nəqliyyat habının qarşısını kəsir. 

Avropa ilə Rusiya arasında yaşanan konfrantrasiyaya görə Çindən, Hindistandan, Mərkəzi Asiyadan gələn yüklərin qarşısı kəsilir. 

Bu yüklər məhz Zəngəzur dəhlizindən keçməklə Avropanın Rusiyadan kənar yolla Şərqlə birləşməsinə gətirib çıxara bilər”.