Artıq İrəvanda sülh səsləri eşidilir

Ermənistanın yekun sülh sənədinə imza atmaqdan başqa yolu qalmadı

   Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından danışıb. XİN rəsmisi bildirib ki, Bakı və İrəvanın sülh sazişi ilə əlaqədar işə başlaması hazırlığı Kreml tərəfindən alqışlanır. Zaxarova ölkəsinin sülh danışıqları prosesinə hərtərəfli köməklik göstərmək niyyətini bir daha təsdiqləyib: 

“O ki qaldı sülh sazişinin nə vaxt imzalanacağına, bu mövzudan nəsə danışmaq hələ tezdir. Biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırıq. Əlbəttə ki, tərəflər özləri aralarındakı bütün məsələləri həll edəcəklər. Bizim tərəfimizdən Azərbaycan və Ermənistana hər yardım və kömək göstəriləcək”.

Zaxarovanın açıqlamasını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Niftiyev deyib ki, Rusiya post-sovet məkanında baş verən bütün münaqişələrə, o cümlədən Qarabağ məsələsinə ikili standartlardan yanaşır. Ekspert vurğulayıb ki, Moskva regional münaqişə ocaqlarından, gərgin situasiyalardan bölgə ölkələrinə təzyiq vasitəsi kimi istifadə edir: 

“Hansısa dövlətlə Kreml arasında balaca soyuqluq yaranan kimi digər ölkəni təhrik edir ki, qarşı tərəfin əleyhinə müəyyən addımlar atsın. Bunu dəfələrlə təcrübə etmişik. Torpaqlarımıza təcavüz edilməsində və 30 ilə yaxın işğalda saxlanmasında Rusiyanın “xidmətləri” danılmaz reallıqdır. 30 il ərzində Kreml Azərbaycan-Ermənistan arasındakı problemin həllinə çalışmadı. Heç buna səy də göstərmədi. Əksinə, müxtəlif dövrlərdə himayə etdikləri Ermənistanı “cəsarətləndirərək” Azərbaycana qarşı təxribatlara çəkdilər. Zaxarovanın bəyanatı açıqlama xatirinə deyilmiş ənənəvi sözlərdir. Hazırda Moskvanın başı Ukraynanın işğalına və üzləşdiyi təzyiqlərə qarışıb. Rusiyaya qarşı tarixdə görünməmiş maliyyə sanksiyaları tətbiq olunmaqdadır. Bu ölkə faktiki olaraq dünyanın iqtisadi sistemindən təcrid edilir. Ekspertlərin yekdil qənaəti odur ki, qarşıda Rusiyanı daha ağır sosial fəlakət gözləyir. Belə məqamda qonşuların problemi Moskva üçün arxa plana keçir. Ancaq ara-sıra Xarici işlər naziri Sergey Lavrovun və ya Zaxarovanın diliylə müxtəlif bəyanatlar verərək bölgədə hələ də təsir imkanlarının qaldığını, söz sahibi olduqlarını xatırlatmaq niyyəti güdürlər. Ancaq yenə deyirəm, Rusiyanı sülhə dəstək verən yox, əksinə, hər fürsətdə qarşı çıxan bir güc kimi görmək lazımdır”.

Analitik vurğulayıb ki, Bakı ilə İrəvan arasında problemlər gec-tez həllini tapmalıdır: “Ermənistan özü də dərk edir ki, Azərbaycanla yekun sülh sənədinə imza atmaqdan başqa çıxış yolu yoxdur. Geriyə yox, irəliyə baxmaq lazımdır. Son günlər Ermənistan rəsmilərindən, ictimaiyyət nümayəndələrindən gələn bəzi açıqlamalar da göstərir ki, artıq İrəvan da sülhdən yana mövqe sərgiləməyə başlayıb”.