Anlaşma ancaq Ankaranın masasında reallaşa bilər

Hazırda müharibənin dayanmasını istəyən yeganə tərəf kimi Türkiyə görünür

   Martın 16-da Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvaya yola düşərək rusiyalı həmkarı Sergey Lavrovla görüşdü. Çavuşoğlu 1921-ci ilin martın 16-da Rusiya-Türkiyə arasında imzalanmış Moskva müqaviləsinin 101-ci ilində Rusiyaya ayaq basdı. Lavrovun görüş zamanı Moskva müqaviləsini xatırlatması göstərir ki, Çavuşoğlunun səfər tarixi həm də rəmzi məna daşıyır. Bu, Rusiya-Türkiyə münasibətlərində gərginlik olmasına rəğmən, iki ölkənin əlaqələrində müsbət meyillər olduğuna işarədir. 

Lavrovun “Rusiya ilə Türkiyə 1921-ci ilin 16 martında dostluq və qardaşlıq müqaviləsini imzaladı” deməsi qlobal güclər tərəfindən sıxışdırılan Rusiyanın yalnız Türkiyə ilə özünə təsəlli tapdığının açıqlamasıdır. Ekspertlərin fikrincə, Rusiya, Ukrayna müharibəsində Ankaranı öz tərəfinə çəkmək istəsə də, Ankara Kiyevə dəstək verir. Müharibə tərəfinə çevrilməmək üçün isə Rusiyaya qarşı beynəlxalq sanksiyalardan da özünü kənarda tutur. Türkiyə Rusiyanın Ukraynaya təcavüzünü bütün parametrlər üzrə analiz edir. Ankara üçün ən böyük təhlükə Qara dənizdə hərbi balansın Moskvanın xeyrinə dəyişməsi ehtimallarıdır. Türkiyənin Qərblə soyuq münasibətləri olsa da, Qara dənizdəki qüvvələr tarazlığının pozulması riski Ankara-Vaşinqton əlaqələrində ortaq baxışı bərqərar edir. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, Ankara Kiyevlə Moskva arasında anlaşmanın əldə edilməsinə çalışır. Analitikə görə, Türkiyənin tərəflər arasında anlaşma əldə etmək imkanı zəif qiymətləndirilirdi. Lakin indiyə qədər kiçik də olsa irəliləyiş ehtimalının Ankaranın masasında ola biləcəyi müşahidə edilir: 

“Moskva razılaşmanın mümkün olduğunu, Kiyev Rusiyanın əvvəlki “ultimatum mövqeyinin” dəyişdiyini bildirir. Tərəflər bu fikrə Belarusdakı üç raundda və iki onlayn formatdakı görüşdə gəlsələr də, mümkün razılaşmanın xüsusilə Ukraynanın istəyinə uyğun olaraq, Türkiyənin vasitəçiliyi ilə olması istisna deyil. Prezident R.T.Ərdoğan da həmkarı V.Zelenski ilə telefonda bunu müzakirə etdi və Rusiya Prezidenti V.Putinlə də müzakirə edəcəyi gözlənilir. Açıqlamalar masada əlavə detalların da olduğu əsas müzakirə mövzusunun Ukraynanın “neytral statusu”nun olduğunu deməyə əsas verir. Moskva Kiyevin “İsveç modeli”nə mənfi münasibət bəsləmədiyini deyir. Kiyev qeyd edir ki, anlaşma olacaqsa, bu, başqa yox, məhz “Ukrayna modeli” olacaq. “İsveç modeli” Finlandiya modelinin başqa formasıdır. Ölkə tərəfsiz olur, lakin tərəfsiz olacaq Ukrayna öz ordusu və donanmasına sahib olacaq. Kiyevin dediyi “Ukrayna modeli” isə daha yüksək səviyyəli təhlükəsizlik qarantını özündə ehtiva edir. Ukraynanın təhlükəsizliyinə ABŞ, Fransa, Almaniya, Türkiyə və Rusiyanın iştirakı ilə kollektiv zəmanət verilir”. 
A.Nərimanlı qeyd edib ki, hava məkanının bağlanması da əsas şərtlərdən biridir: “Danışıqların hər iki tərəf üçün zaman qazanmaq manevri olduğu da istisna deyil. Xüsusilə “ultimatum mövqeyi”ni dəyişdirən Rusiyanın muzdlular vasitəsilə qüvvələrini cəmləşdirib, hücumu genişləndirəcəyi mümkündür. Qərb də Ukraynaya hərbi yardımlarını genişləndirir. Görünür ki, müharibənin növbəti, bəlkə də son mərhələsi hələ qabaqdadır. Lakin hazırda müharibənin dayanmasını istəyən yeganə tərəf kimi Türkiyə görünür və hər iki tərəfin əsas anlaşmanı Ankara masasında əldə edə biləcəyi ehtimalı daha böyükdür. Təbii ki, Bakı da bu prosesin iştirakçılarından olacaq”.