Kremlin yeni "SSRİ" arzusu gorbagor oldu

Ukrayna Rusiya mifini hər sahədə dağıtmaqla məşğuldur

Çox güman, İran Qərblə, ABŞ-la yaxın zamanda yeni müqavilələr imzalayacaq. Bu, İranın Rusiyadan aralı durmaq istəməsinə işarədir


“Rusiyanın Ukraynaya hərbi təcavüzü, işğal cəhdi, oradakı davranışları Kremlin getdikcə daha çox təklənməsinə səbəb olur”. Bu barədə ReAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Partiya rəsmisi bildirib ki, zaman birmənalı olaraq qəhrəman Ukrayna xalqının, dövlətinin lehinə işləyir: 

“Rusiyanın gözləntilərinin darmadağın olmasını dünya da izləyir. Uğursuzluq Moskvanın güvəndiyi ölkələrin bir-bir üz döndərməsinə və ya başqa çıxış yolları axtarmasına səbəb olur. Bu isə Kremli daha da qəzəbləndirir, aqressivləşdirir, amma səhvlərini də artırır. 

İraqın Ərbil əyalətində ABŞ-a məxsus məkanların vurulması cəhdinin arxasında Moskvanın “qulaqları” görünür. Ərbil etnik kürdlərin üstün olduğu bölgədir. İran qonşu ölkənin, İraqın başqa bölgələrində daha çox söz sahibidir. Amma Şimali İraqda, etnik kürdlərin daha çox olduğu bölgələrdə təsiri azdır. 

Əksinə, PKK kimi terror təşkilatlarının sözü daha çox keçən bölgədir. Bu terror təşkilatının İranda da böyük bağlantıları, qrupları var. PKK-nın qurulmasında SSRİ əsas rol sahibi olub. Bu gün də Rusiyanın terror təşkilatına ciddi təsirləri var. İran indiki məqamdan istifadə edərək öz şərtləri çərçivəsində Qərblə, ABŞ-la yeni saziş imzalamaq istəyir. Bu isə Rusiyanın maraqlarına tam ziddir”. 

Siyasi şərhçiyə görə, Kreml danışıqları kəsmək, yaxud uzatmaq üçün Ərbildə əməliyyat keçirə bilərdi: 

“Sual yaranır, bəs niyə İranın bəzi qüvvələri bu hücumu öz üzərinə götürdü? Bunun da səbəbləri var. İranda heç də hamı Qərblə yaxınlaşmağa isti baxmır, buna ciddi müqavimət göstərir. Bu anlamda o qruplarla Rusiyanın maraqları üst-üstə düşür. Amma çox güman, İran Qərblə, ABŞ-la yaxın zamanda yeni müqavilələr imzalayacaq. Bu, İranın Rusiyadan aralı durmaq istəməsinə işarədir. 

Bir sözlə, bu gün Ukrayna Rusiya mifini hər sahədə dağıtmaqla məşğuldur. Ən əsası isə Kremlin yeni “SSRİ” arzusu gorbagor olmaqdadır”.