7 deputat istərəm...

Məzahir Pənahov: "Qarşıda duran əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir"

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda 6-cı çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin mandatına xitam verilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və başqa cari məsələlərə baxılıb. 

“Qarşıdakı əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir”

Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, hazırda qarşıdakı əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir: “Məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilib dairə seçki komissiyaları tərəfindən MSK-ya təqdim ediləcək. Seçki Məcəlləsinin tələbinə görə, biz may ayına qədər seçici siyahılarının dəqiqləşdirilməsini tam başa çatdırmalıyıq. Komissiya üzvləri də bu və ya digər imkanlardan istifadə edərək bu işdə iştirak etsin. Qarşıda duran əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir”.

Milli Məclisdə boş deputat yerlərinin sayı 7-yə çatıb

Mərkəzi Seçki Komissiyanın iclasında Şahin Seyidzadənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı deputat mandatına xitam verilib. Bununla da parlamentdə boş qalan deputat yerlərinin sayı 7-yə çatıb. Qeyd edək ki, 2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı Mərkəzi Seçki Komissiyası baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Həmçinin 2 il öncə Milli Məclisə 116 saylı Qəbələ seçki dairəsindən seçilən deputatı Fəttah Heydərov vəfat edib. Daha sonra Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. E.Səlimovun da deputat mandatına xitam verilib.

Bir sıra DSK-ların tərkibində dəyişiklik edilib

Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. MSK katibi Arifə Muxtarova deyib ki, 6 saylı Culfa-Babək dairə seçki komissiyasına bitərəf Həşimova Rahilənin namizədliyini irəli sürür. MSK sədrinin müavini Rövzət Qasımov nəzərə çatdırıb ki, 67 saylı Cəlilabad dairə seçki komissiyasının üzvlərindən Mirsahib Sultanov MSK-ya müraciət edərək səhhəti ilə bağlı komissiyanın üzvlüyündən azad olunmağı xahiş edib. 

90 saylı Ağdaş seçki dairəsinin həlledici səs hüquqlu üzvü Təbriz Ədilov da komissiya üzvlüyündən azad olunmasını xahiş edib. Milli Məclisdə deputatları çoxluq təşkil edən komissiya üzvləri tərəfindən 67 saylı Cəlilabad seçki dairəsinə İsa Allahverdiyevin namizədliyi irəli sürülüb. 

MSK katibi Mikayıl Rəhimov qeyd edib ki, 11 saylı Qaradağ seçki dairəsinin həlledici səs hüquqlu üzvü, 70 saylı Lənkəran şəhər seçki dairəsinin həlledici səs hüquqlu üzvü və digər 2 dairə seçki komissiyasının üzvü dünyasını dəyişib. 

121 saylı Şuşa-Ağdam-Xocalı dairə seçki komissiyasının üzvü də başqa işə keçməsi ilə əlaqədar komissiya üzvlüyündən azad olunmağı xahiş edib. Bir neçə dairə seçki komissiya üzvü də başqa işə keçməklə bağlı komissiya üzvlüyündən azad olunmağı xahiş ediblər. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.