Ceyhun Bayramov Almaniyaya getdi! – Qovluğunda nələr var? – AKTUAL ŞƏRH

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. 

Səfəri “Sherg.az”a şərh edən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Almaniya Azərbaycanın Avropadakı ən vacib iqtisadi tərəfdaşlarındandır:

 “İkitərəfli münasibətlər əsasən iqtisadi prioritetlər üzərində inkişaf edir. Azərbaycan siyasi əlaqələrdə yeni səhifə açmaqla bu münasibətləri daha da yüksəyə qaldırmaq istəyir. C.Bayramovun səfəri Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni tərəfdaşlıq sazişinin müddəalarının yekunlaşdırılması fonunda diqqət çəkir”.

Ekspertin fikrincə, görüş zaman nazir Berlindən siyasi gözləntilərini ifadə edəcək:

 “Almaniya Azərbaycana xüsusi önəm verir, hərçənd ki, ara-sıra siyasi münasibətlərdə sürüşkən mövqe də nümayiş etdirir. Ancaq bu, münasibətlərə ciddi xələl gətirən faktora çevrilmir, ona görə də, perspektiv üçün əlaqələri daha da möhkəmləndirmək prioritetdir.

Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür. Güman ki, Ceyhun Bayramov rəsmi Berlindən Cənubi Qafqaza dair ədalətli siyasi mövqeyə söykənən gözləntisini ifadə edəcək. Nəzərə almalıyıq ki, Almaniya Avropa İttifaqının digər nəhəngi Fransadan fərqli olaraq Azərbaycan-Ermənistan münasibətlərinə dair nisbətən bitərəf mövqeyə malikdir. Bakı üçün önəmlisi budur ki, Berlin həmin mövqeni qoruyub saxlasın və erməni revanşizminin baş qaldırmasına rəvac verən duruşa keçməsin”.

A.Kərimov qeyd edib ki, Azərbaycanın Ukrayna müharibəsi fonunda Avropanın enerji bazarlarında çəkisi artır və Almaniya da bu xüsusa diqqət yetirir. O, hesab edir ki, müzakirələrdə Azərbaycan qazının şaxələndirilməsi masada olacaq.