Azərbaycanın AYAZLI günləri... – “Mütəllibov ölkə üçün problemlər yaradırdı”

Elxan Şahinoğlu:“Məncə, çox böyük səhvləri də olub. O zamankı Rusiyaya bağlılığı da var idi”

Sərdar Cəlaloğlu:“ O, siyasətdən gəlməmişdi.  Hadisələrin nəbzini tuta bilmirdi”

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov vəfat edib. Bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə məlumat verib. O, qeyd edib ki, A.Mütəllibov 84 yaşında dünyasını dəyişib. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov ilə vida mərasimi keçirilib. 

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində keçirilən mərasimdə mərhumun ailəsi, ictimai xadimlər iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva A.Mütəllibovun vida mərasiminə əklil göndəriblər. Bununla yanaşı, Prezident və Birinci vitse-prezident keçmiş prezidentin ölümü ilə bağlı nekroloq imzalayıblar.  

Mərhum eks-prezidentin siyasi fəaliyyəti, Azərbaycan siyasi tarixindəki yeri və rolu barədə “Sherg.az”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, ilk prezident olaraq ölkəyə çox qısa müddət rəhbərlik edib:

“Məncə, çox böyük səhvləri də olub. O zamankı Rusiyaya bağlılığı da var idi. Bu da Azərbaycan üçün müəyyən problemlər yaradırdı.

 Onun Xocalı faciəsində də adı hallandı. O zamanki hakimiyyət bu faciənin mövqeyini kiçiltməyə çalışırdı. O dövrdə Qarabağda da müəyyən boşluqlar yaranmışdı”.

Politoloq vurğulayıb ki, Azərbaycan həmin dövrdə qarşısına qoyduğu məqsədlərə çata bilmədi:
“Əslində çatması da çətin olardı. Çünki obyektiv baxsaq, onun özünə də müəyyən problemlər yaradılmışdı.

 Xalq Hərəkatı ona güclü təzyiqlər edirdi və helikopter qəzasında xeyli tərəfdarını itirmişdi. O daha sonra Moskvada yaşamaq məcburiyyətində qaldı və bir müddət sonra Azərbaycana qayıtdı. 

Düşünürəm ki, onun  vətəninə daha tez dönməsini təmin etmək olardı. Amma yenə də şərait yaradıldı və son illərini Azərbaycanda keçirdi”.

E.Şahinoğlu sonda qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın ilk prezidenti kimi onun dəfninə yüksək səviyyədə diqqət ayrılıb və bu addım müsbət qiymətləndirilir.

Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu da sabiq prezidentin  Azərbaycan siyasi tarixindəki yerindən danışıb. 
O, qeyd edib ki, A.Mütəllibov ölkədə və dünyada çox mürəkkəb  proseslərin getdiyi bir vaxtda hakimiyyətə gəlib:

“ O, siyasətdən gəlməmişdi. Ona görə də dünyada baş verən hadisələrin nəbzini tuta bilmirdi. Ona elə gəlirdi ki, SSRİ hələ yaşayacaq. Bu səbəbdən sonuna qədər Rusiyaya sədaqətini ifadə etdi.

A.Mütəllibov Azərbaycan tarixində bir o qədər də rolu və yeri olan şəxs deyildi. Qısa müddət rəhbərlik etdi. Bu rəhbərlik  dövründə də özündən asılı olan və olmayan səbəblərdən Azərbaycan üçün yaxşı hadisələr baş vermədi”.