“Sülh, sülh” deməklə sülh olmur! – “Ermənistan real addımlar atmalıdır”

Ötən gün Ermənistanda Təhülkəsizlik Şurasının iclası keçirilib. İclasda baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan iştirak ediblər. Toplantıda rəsmi İrəvan Bakını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edib.

Ermənistanın sülh çağırışına münasibət bildirən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a bildirib ki, rəsmi İrəvan konkret addımlar atmalıdır:

“Azərbaycan sülh sazişi ilə bağlı təklifləri Ermənistana təqdim edib. Biz Ermənistandan real addımlar və cavablar gözləyirik.  Bu, Ermənistanın özünü bir dövlət kimi xilas etməsi üçün yeganə çıxış yoludur.  Ona görə də Ermənistan Azərbaycanla sülh sazişini hazırlamalı, delimitasiya-demarkasiya keçirməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.

Millət vəkili sülh sazişi imzalandıqdan sonra Ermənistana yaranacaq fürsətlərdən danışıb:

“Bu halda Ermənistan  bizim bölgədə həyata keçirilən layihələrdə iştirak edə bilər, kommunikasiyalar açıla bilər və normal bir dövlətə çevrilə bilər.  Onlar həm Azərbaycana qarşı, həm də Türkiyəyə qarşı nifrəti kənara qoyaraq,  qonşularının ərazi bütövlüyünü tanımalıdır və sülh istiqamətində  real addımlar atmalıdır. Biz təkliflərimizi təqdim etmişik”.