Rusiya ABŞ-NATO cəbhəsi qarşısında daha bir məğlubiyyətlə üz-üzədir  - Təhlil

“Finlandiya sürətlə NATO-ya doğru irəliləyir və beləliklə, Rusiya ABŞ-NATO cəbhəsi qarşısında daha bir məğlubiyyətlə üz-üzədir”.

Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert bildirib ki, “qış müharibəsi” adlanan SSRİ-Fin müharibəsinin nəticəsində ruslar Finlandiyanın indiyə qədər davam edən “neytral status”una nail oldular: 

“Ukraynanın işğalı hücumunda da Rusiya eyni senarini tətbiq etməyi planlaşdırır. Kiyevi Donbas və Krımdan rəsmi imtinaya məcbur etmək və “neytral statusu”na nail olmaq. Müharibənin ilk mərhələsində - rus qoşunları Kiyev ətrafından çəkilməyənə qədər Ukrayna “neytral status”a razı idi. Lakin hazırki mərhələdə daha güclü tərəf kimi görünən rəsmi Kiyevin mövqeyi dəyişib. Müharibənin uzunmüddətli olacağı, cənub və şərq bölgələrində rus işğalı genişlənsə belə “neytral status”a nail olmağın çətin perspektivi daha güclüdür. Ukraynada fin senarisini təkrarlamaq istəyən Rusiya buna nail ola bilmədiyi kimi, Finlandiyanda “neytral status” üstünlüyündən də məhrum olmaq ərəfəsindədir. Şimal Alyansı iki ölkə arasındakı 1300 kilometrlik sərhəd xəttinə nəzarəti ələ keçirir və Rusiyaya qarşı cəbhəni genişləndirir”. 

Ekspert bildirib ki, Moskva hərbi-texniki və digər xarakterli cavab addımları atacağını bəyan edib: 

“Hərçənd, Finlandiya rus qazından imtina edəcəyin açıqlamışdı. Buna səbəb idxal edilən qazın ödənişini rublla etmək istəməməsi idi. Rəsmi Helsinki rus qazını tamamilə əvəz edə bilməsə belə, buna hazırlıqlı olduğunu açıqlayır. Bu o deməkdir ki, Finlandiyaya qarşı “qaz kartı” effektli olmayacaq. Bu prosesdə əsas sual Rusiyanın “hərbi-texniki” addımının nədən ibarət olacağı, daha doğrusu, bunun nə qədər doğru olmasıdır. Ukraynada müharibə aparan Moskva üçün cəbhənin genişlənməsi sərfəli deyil. Əsas hərbi resurslarını Ukraynaya yönəltməsi Finlandiyaya qarşı hərbi addım imkanlarını məhdudlaşdırır: iddialara görə, Rusiya Finlandiya ilə sərhəddəki qoşunların böyük hissəsini Ukrayna müharibəsinə cəlb edib. Bu amillər Moskvanın xəbərdarlığının daha çox “strateji çəkindirmə” xarakterli blef olduğu versiyasını ön plana çıxarır. Hərçənd, rusların təkcə bleflə kifayətlənəcəyi də inandırıcı deyil. Mümkün versiyalar kiberhücumların təşkili və Belarus-Polşa sərhədində yaradılan miqrant probleminin burada da təkrarlanmasıdır”.