Paşinyan sələflərinin səhvlərini təkrarlayır

Baş nazirin əsassız iddiaları göstərir ki, Ermənistanın sülh üçün hərəkətə keçməsi sual altındadır


   Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin getdiyi, Bakının bu istiqamətdə qətiyyətli addımlar atdığı bir vaxtda Baş nazir Nikol Paşinyan növbəti dəfə absurd iddialarla çıxış edib. Niderland səfəri zamanı keçirdiyi görüşlərdə Azərbaycanın ərazilərini 30 il işğalda saxlayan, minlərlə günahsız azərbaycanlının ölümünə, itkin düşməsinə səbəb olan Ermənistanın “humanist addımlarından” dəm vurub. Baş nazir özündə Azərbaycanı qeyri-humanist mövqe tutmaqda ittiham etmək cəsarəti də tapıb. Mina məsələlərini alver predmetinə çevirməyə cəhd edib. 

Əslində, Paşinyanın iddiaları özünü gülünc vəziyyətə salmaqdır. Ermənistanın mina xəritələrini təqdim etməsi heç bir halda humanitar jest sayıla bilməz. Çünki 10 noyabr bəyanatını imzalamış Paşinyan üzərində beynəlxalq humanitar hüquq öhdəliyi götürüb, minadan təmizlənmə də bu öhdəliyin tərkib hissəsidir. Məhz Ermənistanın və onun rəhbərliyinin bu öhdəliyi yerinə yetirməməsi səbəbindən Vətən müharibəsindən sonra da Azərbaycan vətəndaşları işğaldan azad edilmiş ərazilərdə minaların qurbanı olmağa davam edirlər. Digər məqam isə ondan ibarətdir ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiqliyi artıq heç kimdə şübhə doğurmur. Azərbaycan dəfələrlə bu məsələni beynəlxalq səviyyədə diqqətə çatdırıb ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi ən yaxşı halda 25 faiz təşkil edir. Baş nazirin bununla öyünməsi, üstəlik Azərbaycanı buna qarşılıq verməməkdə ittiham etməsi isə sadəcə gülüncdür. Paşinyanın Azərbaycanı günahlandırmasına mənəvi və hüquqi haqqı yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi də Ermənistan baş nazirinin absurd iddialarına cavab verib. Qeyd olunub ki, Ermənistan baş nazirinin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar İrəvanın normallaşma məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir: “Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək lazımdır. 

Baş nazirin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır”. 

Siyasi şərhçi Elçin Mirzəbəyli bəyan edib ki, Nikol Paşinyanın çıxışı sübuta yetirir ki, Ermənistan hakimiyyəti, bölgədəki reallıqları nəzərə almadan, hazırda ona qarşı çıxış edən sabiq prezidentlərin - müharibə cinayətkarlarının səhvlərini davam etdirmək niyyətindədir. Analitik qeyd edib ki, Paşinyanın irəli sürdüyü iddia və ittihamlar əsassız və məntiqsizdir: 

“Bu iddialar Ermənistan üçün həyati əhəmiyyət kəsb edən Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı prosesin irəliyə doğru aparılması üçün əldə olunmuş razılaşmalara ziddir. Azərbaycan torpaqlarını 30 ilə yaxın bir zaman kəsiyində viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasəti həyata keçirən bir ölkənin humanitar dəyərlərdən, beynəlxalq humanitar hüququn norma və prinsiplərindən söz açması klassik erməni həyasızlığının növbəti nümunəsidir. Halbuki Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarını humanitar fəlakət zonasına çevirdiyi hər kəsin gözü önündə olan və hər kəsin görə biləcəyi bir reallıqdır. 

Ermənistanın mövcud siyasi hakimiyyəti Azərbaycan ərazilərinə az qala "toxum" kimi səpilən minaların xəritələrini belə alver predmetinə çevirməklə müharibə cinayətkarları olan sələflərindən fərqlənmədiyini, antihumanizmin Ermənistanın dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha sübuta yetirdi. Təkcə Pasinyan deyil, Ermənistanın ondan öncəki rəhbərləri də çox yaxşı başa düşürdülər ki, Azərbaycan istənilən halda tarixi ədaləti bərpa edərək, işğala son qoyacaq. 

Məhz buna görə də uzun illərdən bəri Azərbaycan, türk düşmənçiliyi üzərində formalaşmış ultramillətçi, neofaşist ideyalarıyla zəhərlənmiş qanlı təşəkkürlərinin diktəsi altında azərbaycanlılara məxsus olan her şeyi məhv etmək niyyəti güdürdülər. Pasinyanın son iddiaları da sübuta yetirdi ki, bu niyyət hələ də dəyişməyib. Ermənilərin Kəlbəcər, Ağdam və Laçın ərazilərini əlavə minalaması, hətta təbiətə belə divan tutmaları Ermənistan və erməniliklə humanizm prinsiplərinin daban-dabana zidd olduğunun göstəricisidir. Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür, SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para bicliklərdə “mahir” olduqlarını, klassik goreşənliklərini nəzərə alıblar”. 

E.Mirzəbəylinin sözlərinə görə, Ermənistan acınacaqlı məğlubiyyətindən keçən təxminən 1,6 illik zaman kəsiyində qarşılıqlı münasibətlərin normallaşmasına xidmət edən könüllü heç bir addım atmayıb:

 “Ölkəmizə təqdim edilən mina xəritələri də bu ölkənin öz istəyi ilə baş verməyib. Əksinə, ötən zaman kəsiyində rəsmi İrəvan nəyin bahasına olursa-olsun mina xəritələrinin Azərbaycana təqdim edilməsindən yayınmağa çalışıb. Azərbaycan ərazilərində aparılan çoxsaylı araşdırmalar, xarici ekspertlərin verdiyi rəylər rəsmi İrəvanın mina xəritələrini ölkəmizə təqdim etmək məcburiyyətində qoydu. Hətta bu halda da Ermənistanın təqdim etdiyi xəritələrin qeyri-dəqiqliyi problemin həllinə ciddi təsir göstərmədi”.