Ermənistana hərbi təzyiq artırılmalıdır

Sülh danışıqlarını bu şəkildə irəliyə aparmaq qeyri-mümkündür

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İrəvanın Azərbaycana sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif etdiyi 6 bəndi açıqlayıb. Müvafiq bəndlərdə qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur. İrəvan hökuməti BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. 

Lakin vurğulanıb ki, Ermənistan tərəfi üçün Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin “Dağlıq Qarabağın yekun statusu”nun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir. Həmçinin, müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etdiyi qeyd olunub. 

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, erməni tərəfinin Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin bəzi bəndləri Azərbaycan üçün qəbuledilməzdir. Ekspertə görə, bu yanaşma göstərir ki, rəsmi İrəvanın real “sülhə gəlməsi” polemikadır:

 “Ermənistanın Azərbaycanla qisa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Ermənistan “Qarabağın status” və “xalqların müqəddəratı”ndan danışır, bunların “prioritet” olduğunu iddia edir. Qarabağ ermənilərinin “hüquq və azadlıqlarından” dəm vurur. Görünür, Nikol Paşinyan daxildə müxalifətin etirazlarından çəkindiyi üçün əlavə bəndləri danışıqlara salmaq istəyir. 

Ermənistanın mövqeyi qəbuledilməzdir. Ermənistanın növbəti dəfə danışıqlarda praqmatik mövqe tutması üçün bu ölkəyə hərbi təzyiqlər artırılmalıdır. Erməni müxalifəti və Paşinyanın reallıqları tam mənada dərk etmələri üçün sərhəddə güc tətbiq olunmalıdır. Çünki danışıqları bu şəkildə irəliyə aparmaq qeyri-mümkündür. 

Əgər Ermənistan hakimiyyəti “Qarabağa status” deyib duracaqsa, sülh üçün bütün qapılar bağlanmalıdır”.