Ermənistana özünü toparlamağa vaxt vermək olmaz

Paşinyanın çıxışları daxili auditoriyanı sakitləşdirməyə yönəlməyib

İrəvan hökumətinin məqsədi beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönləndirmək və “əzilmiş erməni” obrazı yaratmaqdır

Əgər ermənilərin qarayaxma kampaniyasının qarşısını almasaq, sadəcə, sülh prosesi pozulmayacaq, həmçinin, beynəlxalq ictimai fikir əleyhimizə yönələcək

   Moskvada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Ermənistanın baş naziri KTMT liderlərinin görüşündə də iştirak edib. Paşinyan qurumu “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə müdaxiləsi”nə reaksiya verməməkdə günahlandırıb: “Ermənistan KTMT-yə müraciət etdi ki, mexanizmləri işə salsın. 

Təəssüf ki, təşkilatın Ermənistan Respubikasının gözlədiyi şəkildə reaksiya verdiyini söyləmək mümkün deyil”. Hazırda KTMT-yə sədrlik edən Ermənistan lideri təşkilat üzvlərini Bakıya silah satmaqda ittiham edib: “Biz KTMT üzvü olan dövlətlərin Ermənistana dost olmayan dövlətə silah satmaları məsələsini uzun müddət qaldırmışıq. Nəticədə həmin silah Ermənistana, erməni xalqına qarşı istifadə olunub. Bu da bir problemdir”. Paşinyan təşkilat dövlətlərinin İkinci Qarabağ savaşı zamanı tutduqları mövqeni də tənqid edib. Amma Putini müharibənin dayandırılmasındakı roluna görə tərifləyib. 

Xatırladaq ki, Paşinyan Niderland səfərində də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirmişdi. Baş nazir ölkəmizi erməni əsirlərdən sövdələşmə üçün istifadə etməkdə suçlayıb. Ekspertlərin sözlərinə görə, Paşinyanın son vaxtlar sərgilədiyi irrasional ritorika sülh danışıqlarının irəliləməsinə ciddi maneələr yarada bilər. Əslində Azərbaycanın Qarabağla bağlı mövqeyi kifayət qədər aydın və birmənalıdır. Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından əl çəkməli və Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımalıdır. Məsələ bu qədər sadə və bəsitdir. 

Qalib dövlət kimi şərtləri yalnız biz diktə edirik. Ermənistanın hansısa şərt irəli sürməyə mənəvi-siyasi haqqı yoxdur. Görünür, Paşinyan Qarabağla bağlı sərsəm təkliflər irəli sürməklə öz sələflərinin yol verdiyi səhvləri təkrarlamaq niyyətindədir. İndiki məqamda “status” məsələsinin yenidən gündəmə gətirilməsi Ermənistana yalnız mənfi nəticələr vəd edə bilər. Əhalisi səfalət içində yaşayan, iqtisadi böhran içərisində çabalayan Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın diktə etdiyi şərtləri yerinə yetirməkdir. Nə qədər paradoksal səslənsə də, bu, ən çox erməni xalqının mənafeyinə xidmət edir. Çünki münaqişə vəziyyəti onları bütün inkişaf layihələrindən kənarda qoyub. Əgər Paşinyan hakimiyyəti həqiqətən də erməni xalqının mənafeyini düşünürsə, sərsəm təkliflərini kənara qoyub, tez bir zamanda Azərbaycanın şərtlərini yerinə yetirməlidir. 

AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyinin sözünə, vədinə etimad göstərilməməlidir. Partiya rəhbəri bildirib ki, Ermənistana manevr imkanları yaratmaq, öz gücünü, ordusunu toparlamağa vaxt vermək olmaz: 

“Müharibə bitəndən bu yana dəfələrlə demişəm ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirsə, bu, İrəvanın ən zəif olduğu, dalana dirəndiyi zamanda baş verməlidir. İndiki halda ermənilərə yenidən dirçəlməyə, özlərinə gəlməyə, beynəlxalq əlaqələr qurmağa şərait yaratsaq, Ermənistan məğlubiyyətlə barışmayacaq. Hətta “status”, “Minsk qrupu” kimi xülyalarını da geri qaytarmağa çalışacaq. Paşinyanın addımları və davranışları erməni xisləti prizmasından baxdıqda başadüşüləndir. Hansı erməni sözünə əməl edib ki? Ermənistan dövlət olaraq özünə hörmət qoymur. Çox biabırçı və ləyaqətsiz siyasət yürüdürlər”. 

T.Abbaslı Paşinyanın çıxışlarının daxili auditoriyanı sakitləşdirməyə hesablandığını düşünmür:

 “Baş nazir buna ehtiyac duymur. İrəvan hökumətinin məqsədi beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönləndirmək və “əzilmiş erməni” obrazı yaratmaqdır. Çalışırlar ki, Azərbaycanı “qəsbkar” dövlət kimi qələmə versinlər. Əgər ermənilərin qarayaxma kampaniyasının qarşısını almasaq, sadəcə, sülh prosesi pozulmayacaq, həmçinin, beynəlxalq ictimai fikir əleyhimizə yönələcək. 

O baxımdan Ermənistan rəhbərliyinin addımları diqqətlə izlənilməli və bütün cəhdlərə ən sərt formada adekvat cavab verilməlidir. Ermənistana izah olunmalıdır ki, sülh və əməkdaşlıqdan qaçış onların birmənalı məhvinə səbəb olacaq. Reallıqları ermənilərə zor gücünə başa salmalıyıq. 

Çünki ermənilərdən humanizm, rasionallıq gözləmək əbəsdir. Qalib Azərbaycan öz üstünlüklərindən faydalanmalıdır”.