Politoloq:"Putin nəfsinin girovuna çevrilib"

"Səhv addımlar bir neçə neytral və qərarsız Avropa dövlətinin NATO-ya qoşulması üçün şərait və səbəb yaratdı"

“Türkiyənin iki Avropa dövlətinin NATO-ya üzvlüyü ilə bağlı bəyanatları Rusiyanı qorumaq məqsədilə edilmir”. Bu barədə “Şərq”ə açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi qeyd edib ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın NATO-dan F-35, Avropadan isə PKK ilə bağlı tələbləri var: 

“Eyni zamanda Rusiyanın Suriyadakı fəaliyyətinin məhdudlaşdırılması və Qarabağdakı fəaliyyəti də masadadır. Məhz bu səbəbdən Putin Ankaraya dəvət olunub.

 Putinin hansısa xarici ölkəyə səfərini heç kimin gözləmədiyi halda Ankaraya getməsi Ərdoğanın çox güclü strateq olmasının göstəricisidir. 

Reallıq odur ki, Putin Ukraynaya təcavüzünü özünəməxsus tərzdə və bəhanələrlə izah edərək haqq qazandırmağa çalışsa da, bu hücum məntiqə sığmayan davranış kimi qiymətləndirilməlidir. 3 aya yaxınlaşan müharibə dövrü ərzində Rusiya konkret nəticə əldə edə bilməyib. Bütün parametrlərdə siyasi mövqeyi və iqtisadi potensialı zəifləyib. 

Konkret olaraq Türkiyənin də maraq dairəsində olan “Qara dəniz” əməliyyatı fiaskoya uğramış şəkildədir. Rusiya ordusu işğal etdikləri mövqelərdən bir addım da irəli gedə bilməyib. Ukrayna ordu birləşmələri Xarkov vilayətində dövlət sərhədinə çıxaraq sərhəd nişanlarını yerləşdirdilər. Rusların Qara dənizdə Odessaya çıxmaq planları baş tutmadı. 

Hətta ruslar Ukraynanı bütünlüklə Qara dənizdən sıxışdırsalar, yenə də Aralıq dənizinə və okeanlara çıxış Türkiyənin nəzarətindədir. Putinin səhv addımları bir neçə neytral və qərarsız Avropa dövlətinin NATO-ya qoşulması üçün şərait və səbəb yaratdı. Kreml rəhbəri öz nəfsinin girovuna çevrilib”.