İrəvan vaxt qazanmaq ümidinə qapılıb

Ermənistan hakimiyyəti hansısa şirnikləndirici mənbələr hesabına Azərbaycanla sülhdən boyun qaçırır

   Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra mətbuata bəyanatında Ermənistanla aparılan sülh danışıqlarından danışıb. Dövlət başçısı vurğulayıb ki, Ermənistan hökumətinin çox qəribə addımları yaranan müəyyən etimadı pozur. Ölkə rəhbəri bildirib ki, Azərbaycan tərəfi Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət edib: 

“Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdı ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar”. Prezident vurğulayıb ki, Azərbaycan işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır idi: “Bu, erməni tərəfi ilə razılaşdırılmışdı. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdu.

Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu çox məyusedici məsələdir. Daha məyusedici isə yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur. Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”.

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə vurğulayıb ki, dövlət başçısı Ermənistanın son zamanlar tutduğu qeyri-müəyyən mövqe barədə danışıb. Ekspert bəyan edib ki, Prezidentin çıxışında yeni informasiya yükü olan iki xətt var: 

“Birincisi, Ermənistan sərhəd delimitasiyası ilə bağlı aprelin 29-da nəzərdə tutulan görüşü ləğv edib. Görüş təşəbbüsünü Ermənistan Xarici İşlər Nazirliyi özü irəli sürmüşdü. 7-11 may tarixlərində sərhəddə Azərbaycan görüş keçirməyi təklif etsə də, Ermənistan bundan imtina edib. İrəvanın ikili mövqeyi Ermənistanın beynini hansı xarici faktor “zəhələməsinə” dair versiyalara da yol açır. Əslində Ermənistan əhəmiyyətli diplomatik-siyasi və hərbi dəstəklərdən məhrum olub. Sadəcə, ara-sıra Qərb də, Rusiya da İrəvan üçün şirnikləndirici bəyanatlarla çıxış edirlər. Lakin ümumilikdə Rusiya da, Qərb də üçtərəfli bəyanatların və Avropa İttifaqının təşəbbüsü ilə əldə edilmiş razılıqların icrasının tərəfdarıdır. 

Onlar regionda münaqişənin yaranmasında maraqlı tərəf kimi çıxış etmirlər. Amma o da reallıqdır ki, Ermənistanın belə addımları güc mərkəzləri arasında rəqabəti gücləndirir. Gah Rusiya, gah da Qərb təşəbbüsləri ələ alaraq sülh müqaviləsinin sətirləri arasında öz maraqlarını genişləndirmək istəyəcəklər. Ona görə də Ermənistan başına ağıl qoyub sülh prosesinə əngəl yaradan bütün addımlardan əl çəkməlidir”. 

Analitik hesab edir ki, Ermənistan hakimiyyəti hansısa şirnikləndirici mənbələr hesabına Azərbaycanla sülhdən boyun qaçırır: 

“Qətiyyən bu, təəccüb yaratmamalıdır, bu, erməni siyasətinin çoxdankı vərdişlərinin instinktiv təkrarıdır. 
Bu vərdişlər indi Ermənistanın hərbi dairələrində yeni meyillər formalaşdırmağa istiqamət almaq istəyir. O da Azərbaycanla münasibətlərin normal axına dönməməsi meyilləridir. Ona görə də İrəvan Bakı ilə əldə edilmiş razılıqların icrası mərhələsini nala-mıxa vuraraq ya pozmağa çalışır, ya da vaxt qazanmaq ümidlərinə qapılır. Ermənistanın hərbi komandanlığında keçmiş xuntaya bağlı qruplar hələ də qalmaqdadır və onların Baş nazir Nikol Paşinyanın siyasətinə az da olsa təsir imkanlarına malikdirlər. Onlar Ermənistanın təxribatçı addımlarının daha da körüklənməsinə şərait yaradır və İrəvanı konstruktiv mövqe tutmaq xəttinə yaxınlaşmağa qoymur.

Elə buna görədir ki, Ermənistan son günlər Kəlbəcər istiqamətində hərbi təxribatlar törədir və etimadı pozan digər addımlar atır”.