Mirzoyan sərsəmləyir

Şarl Mişel Ermənistan hakimiyyətinin davranışlarına qiymət verməlidir


Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iclasından əvvəl jurnalistlərin sualını cavablandıran Xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə təxribatçı açıqlamalar səsləndirib. İrəvanı “sülh göyərçini” kimi təqdim edən XİN rəhbəri Azərbaycandan müsbət cavab almadıqlarını iddia edib. Mirzoyan vurğulayıb ki, Azərbaycanın təklif etdiyi bəndlərdə Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur. Lakin həmin bəndlər gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə və mövcud problemlərin bütün spektrinə toxunmur: “Bizim üçün Qarabağda hüquq və təhlükəsizlik məsələlərini, eləcə də Qarabağın “statusu”nu müzakirə etmək vacibdir. Hesab edirik ki, sülh müqaviləsi ilə bağlı bu danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində və mandata uyğun olaraq davam etdirilə bilər. Hələlik bu bəndlərlə bağlı Azərbaycandan müsbət cavab eşitməmişik”. 

Ermənistan xarici işlər naziri demarkasiya komissiyasından da söz açıb:

 “Tərəflərin razılaşdırmalı olduğu bəzi texniki detallar var. Ümid edirəm, görüş nəhayət yaxın günlərdə və ya həftələrdə baş tutacaq”.

Politoloq Zaur Məmmədov bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan son bir ayda iki dəfə işçi qrupunun görüşünün vaxtını uzadıb: 

“Bu yanaşma Avropa İttifaqı tərəfindən xoş qarşılanmamalıdır. Şarl Mişel tərəfindən müvafiq "qiymətə" layiq görülməlidir. Xarici işlər naziri Ararat Mirzoyanın Minsk qrupu və “statusla” bağlı səsləndirdiyi fikirlər bu dövlətin marionetka olduğunun bariz nümunəsidir. Əgər Ermənistan bir müddət daha danışıqlardakı öhdəliklərə əməl etməsə, Laçın yolu məsələsi gündəmə gətirilə bilər. Ermənistanın son addımları Laçın dəhlizinin bağlanmasına və Azərbaycan-Ermənistan sərhəd xəttinin hərbçilərimiz tərəfindən “çəkilməsinə” səbəb olar”.