Heyrətamiz diplomatiyadır...

Məkrli qüvvələr Bakıdakı kiçik aksiyanı qara rəngdə, İrəvanda keçirilən davamlı aksiyaları isə ağ rəngdə görürlər

Azərbaycana qarşı olan ermənipərəst qüvvələr, fondlar, institutlar tərəfindən müxtəlif təxribatlara əl atılmaqdadır

Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, eləcə də 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra dünyada çox hörmətlə yanaşılan ölkələrdən birinə çevrilib. Ölkəmizdə böyük ictimai-siyasi sabitlik mövcuddur. Bunun kökündə ilk növbədə xalq-iqtidar birliyi, milli həmrəylik dayanır. Sabitlik ölkəsinə çevrilən Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərin, qlobal konfransların ən etibarlı məkanı kimi tanınmaqdadır.

Pandemiya bitəndən sonra Bakı yenidən mühüm forumlar, qlobal platformaların təşkil olunduğu şəhərə çevrilməkdədir. Ancaq Azərbaycanda keçirilən vacib beynəlxalq tədbirlər ərəfəsində ölkəni beynəlxalq informasiya məkanında neqativ fonda göstərəcək “süni gündəm” yaratmaq cəhdləri həmişə olub. Əfsuslar ki, indi də davam etməkdədir. Azərbaycana qarşı olan ermənipərəst qüvvələr, fondlar, institutlar tərəfindən müxtəlif təxribatlara əl atılmaqdadır. Qeyd edək ki, yaxın günlərdə Azərbaycanda 3 beynəlxalq tədbir keçiriləcək - "Texnofest" festivalı, "Formula-1" yarışması və Qlobal Bakı Forumu. Bu ərəfədə yenə ənənəvi vasitələrdən istifadə olunmaqdadır. Artıq bəzi saytlarda rayonların birində “itlərin öldürülməsi” xəbəri tirajlanmağa başlanılıb. Süni gündəm yaratmaq cəhdlərindən biri də bir neçə gün əvvəl Bakının mərkəzində LGBT bayraqları altında keçirilən aksiya idi. Bu aksiyadan sonra bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda “cinsi azlıqların” hüquqlarının pozulması haqda silsilə bəyanatlarla, xarici media isə materiallarla çıxış etdilər. Əlbəttə ki, uğursuz aksiya idi və iştirakçılar LGBT bayrağı adı altında tərbiyəsiz, əxlaqsız şüarlardan başqa heç nə ilə yadda qalmadılar. Çox cəhd etdilər ki, qarşıdurma yaratsınlar, amma buna nail ola bilmədilər və növbəti dəfə iflasa uğradılar. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da vurğulayıb ki, mayın 14-də bir qrup ictimai fəal və radikal müxalifət təmsilçilərinin Bakıda keçirilən növbəti icazəsiz aksiyası əslində bundan əvvəl keçirilmiş ənənəvi aksiyalardan heç nə ilə fərqlənmirdi. Partiya sədrinin sözlərinə görə, bu, adi, sıradan bir aksiya idi:

 “Bu aksiyanın insidentsiz keçdiyi, saxlanılanların olmadığı hər kəsə məlumdur. İcazəsiz olmasına baxmayaraq həmin gün polis tərəfindən aksiya iştirakçılarına tədbirin qətnaməsini oxumaq imkanı da verildi. Bütün bunları aksiyanın iştirakçı və təşkilatçıları özləri də təsdiqləyib. Onlar aksiya  iştirakçılarına qarşı polis tərəfindən hər hansı bir zorakılığın olmadığını bildiriblər. Əgər zorakılıq faktları baş versəydi, bunu gizlətmək, ört-basdır etmək qeyri-mümkün olardı. Lakin İngiltərənin Azərbaycandakı səfirliyi isə çağırılmamış qonaq libasına bürünərək mayın 14-də keçirilən aksiya zamanı guya,  etirazçılara qarşı polislər tərəfindən kobud rəftar olunduğu iddiası ilə çıxış etdi. Səfirliyin sosial şəbəkə hesablarında sözügedən aksiya ilə bağlı paylaşımlarda “dinc etiraz aksiyasının dağıdılması” kimi əsassız ifadələr yer aldı. Sözün açığı, İngiltərə səfirliyinin belə bir avantürist mövqe nümayiş etdirəcəyini heç kim gözləmirdi. Əgər İngiltərə səfirliyi 14 may aksiyasına münasibət bildirməsəydi, mən əminəm ki, bu aksiya sıradan bir aksiya kimi dərhal unudulub gündəmdən çıxacaqdı. Lakin Böyük Britaniyanın Bakıdakı diplomatik korpusu bu hərəkəti ilə sanki odun üstünə benzin tökdü və aksiyanın özündən heç bir nəticə əldə edə bilməyən təşkilatçılar bu dəfə fürsətdən istifadə edib səfirliyin yaratdığı süni ajiotajdan yararlanmağa başladılar. Onların imkanı olsa, hətta gedib ingilis səfirliyinə təşəkkür də edərlər ki, “sağ olun ki, sayənizdə diqqət mərkəzinə düşməyi bacardıq”. Çox güman ki, səfirliyin özü də indiki həssas məqamda belə bir ajiotaja rəvac verməyindən, “nəlbəkidə fırtına yaratmağından” olduqca məmnundur. Onların bu davranışı həm Azərbaycana qarşı ənənəvi qərəzli mövqedən, həm də konkret siyasi maraqlardan irəli gəlir. Böyük dövlətlər bu cür məqamlardan həmişə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Onların dərdi heç də demokratiyanın inkişafına töhfə vermək, insan hüquqlarının qorunmasına təminat almaq deyil”. 
Ə.Hüseynov bildirib ki, ingilislərin məqsədi sadəcə olaraq fürsətdən yararlanmaq, müəyyən dividendlər əldə etməkdir: “İngilislər bunu çox yaxşı bacarırlar. Necə deyərlər, suyu bulandırmaq və bulanlıq suda balıq tutmaq ingilis diplomatiyasının köhnə xüsusiyyətidir. Ancaq göründüyü kimi bu taktika bu dəfə işləmədi. İngiltərə səfirliyinin Roma Papasından artıq katoliklik etmək cəhdi gözlənilən nəticəni vermədi. Şübhəsiz ki, ingilis səfirliyinin bu addımı diplomatik avantüradır. Lakin bu avantüra onsuz da kifayət qədər müsbət məcrada inkişaf edən Azərbaycan-İngiltərə münasibətlərinə heç bir xələl gətirə bilməz. Zənnimcə, İngiltərə səfirliyi bundan sonra ölkəmizdə cərəyan edən siyasi proseslərə münasibət bildirməzdən əvvəl necə deyərlər, yüz ölçüb, bir biçəcək. Yeri gəlmişkən, İngiltərənin Ermənistandakı səfirliyi isə İrəvanın “Fransa” meydanında keçirilən etiraz aksiyalarını görməzdən gəlir. Həmin aksiyalarda baş verən kütləvi zorakılıqlar səfirlik tərəfindən susqunluqla qarşılanır. Bunun özü də olduqca düşündürücüdür. İngilis diplomatlar Bakıdakı kiçik aksiyanı qara rəngdə, İrəvanda keçirilən davamlı aksiyaları isə ağ rəngdə görürlər. Heyrətamiz diplomatiyadır...”.