Qərb susur

Ermənistanda baş verənləri görməzdən gəlirlər

Paşinyan polisi aksiyasını işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edir

Ermənistanda etiraz aksiyaları davam edir, vətəndaş itaətsizliyi aksiyaları intensivləşir. Etirazçılar vaxtaşırı küçələri bağlayır, yürüşlər keçirirlər. Ermənistan Baş naziri Nikol Paşinyan isə etirazçılara kütləvi həbslər, polis zorakılığı ilə sərt şəkildə cavab verir. Aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edildiyi görüntülərdən də aydın olur. 

Sərt formada saxlanılanlar arasında qadınlar da var. Ümumilikdə 73 fəal daxil olmaqla yüzlərlə insanın həbs olunduğu bildirilir. Maraqlıdır ki, Ermənistanda aksiyalar fonunda baş verən polis zorakılığı, kütləvi həbslərə dair ABŞ və Qərb ölkələri reaksiya vermir. Ekspertlərin fikrincə, Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibəti ikili standartlardan irəli gəlir. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Azərbaycanda dövlət maraqlarını satan, xəyanətkarlıq edən, xarici kəşfiyyata işləyən şəxslərlə bağlı hüquq-mühafizə orqanları hər hansı tədbir görəndə ABŞ və Qərb ölkələri, beynəlxalq təşkilatlar dayanmadan bəyanatlar verirlər. Analitik vurğulayıb ki, əksər hallarda isə proses dövlətimizə qarşı ittihamlara qədər gedib çıxır:

 “Ancaq indi Ermənistanda baş vermiş hadisəni “görmürlər”, yaxud özlərini görməzliyə qoyurlar. Prinsip etibarilə, Paşinyan öz hakimiyyətini qorumaq üçün istənilən addımı atmağa hazırdır. Bu baxımdan əslində o sələfləri Serj Sarkisyan və Robert Koçaryandan fərqlənmir. Paşinyan polisi aksiyasını işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edir. Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, KİV-in sərbəst fəaliyyətinə maneələrin yaradılmaması Qərbin “önəm verdiyi” mühüm dəyərlər sayılır. Hazırda Ermənistanda bu dəyərlər ayaq altındadır. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi “Armenpress” agentliyinə müsahibəsində deyib ki, “Amerika erməni xalqına gələcək qurmaqda dəstəyini davam etdirəcək. Erməni xalqı 2018 və 2021-ci illərdə seçki və demokratiya yoluna üstünlük verdiyini göstərib”. Diplomatın sözlərindən belə çıxır ki, ermənilər iki dəfə Nikol Paşinyana səs veriblər və buna görə Vaşinqton baş naziri dəstəkləyir. 

Yəni küçədə bağıranların demokratiya ilə əlaqələri yoxdur. Səfirin mövqeyi anlaşılandır. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi “Soros Açıq Cəmiyyəti” tərəfindən dəstəkləndiyini hər kəs bilir. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında da məhz Soros və onun fondu dayanırdı. Əslində bu fakt belə özlüyündə Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibətinin səbəbini izah edir”.