Ankara şərtlərində haqlıdır

Türkiyə NATO-dakı müttəfiqlərinin əvvəllər tələb etdiklərini İsveç və Finlandiyadan da istəyir

Rusiyanın Ukraynaya qarşı müharibəsi dövlətlərin təhlükəsizliyi və suverenliyini fərqli şəkildə gündəliyə çıxarıb. Bu savaşdan əvvəl Avropa dövlətləri də daxil olmaqla silahlı münaqişələrdən uzaq olan ölkələr təhlükəsizlik kimi məsələlərə indiki qədər həssas və ehtiyatla yanaşmırdılar. Ancaq Rusiyanın radikal davranışından sonra yaxın və uzaqlığından asılı olmayaraq, hər bir dövlət bu istiqamətdə addımlar atmağa başlayıb. Bəziləri ərzaq ehtiyatı toplayır, silah və hərbi texnika alır, kimisi müttəfiqləri ilə təlimlər keçirir. Bir sıra dövlətlər isə Rusiyanı neytrallaşdırmaq üçün onunla yaxın olduğunu göstərmək istəyir. Bəzi dövlətlər də öz təhlükəsizliyi və suverenliyini NATO-ya, hərbi-siyasi bloka daxil olmaqla təmin etmək istəyir.

Politoloq Sədrəddin Soltan deyib ki, Ukraynada baş verən müharibənin əsas səbəblərindən biri də rəsmi Kiyevin Alyansa üzv olmaq istəyi ilə bağlıdır. Bununla belə, Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı rəsmi müraciət edib. Onlar bu addımı atmaqla özlərini perspektvidə Rusiyadan gözlənilən mümkün təhlükədən qorumaq niyyətindədir: “Nə qədər paradoksal olsa da, Ukrayna Alyansa üzv olmaq istədiyindən Rusiya bu ölkənin ərazisinə müdaxilə edir. İsveç və Finlandiya da RF-dən özünü qorumaq məqsədilə NATO-ya üz tutur. Bunu onların təbii özünüqoruma hissi kimi qəbul etmək olar. Çünki keçmişdə Rusiya və keçmiş SSRİ bu iki ölkəyə qarşı təcavüzkar davranıb. Həmin hadisələri perspektivdə yenidən yaşamamaq üçün bəri başdan təhlükəsizliklərini qorumaq üçün tədbirlər görülür. Bu kimi hallarda güclü blokda olmaq, yaxud güclülər tərəfindən himayə edilmək də təhlükədən yayınmaq istəyənlərin hədəflərindəndir. Ancaq Finlandiya və İsveç də başqasının, Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi və suverenliyinə qarşı bir zamanlar fəaliyyət göstərənlərə yardım etdiklərinə görə cavabını verməyin indi zamanıdır. Yeri gəlmişkən, İsveç Türkiyənin ərazi bütövlüyünü təhdid edən terrorçu PKK və onun törəmələrinə davamlı yardım edən ölkələrdəndir. Finlandiya və İsveç Türkiyənin ərazi bütövlüyü və suverenliyinə təhlükə törədənlərə sığınacaq verir. Terrorçu PKK qruplaşması və onun Suriyadakı qolu YPG/PYD silahlıları hər gün Türkiyədə müxtəlif formada terrorlar törədir. Mülki şəxslərə, polis əməkdaşlarına, hərbçilərə hücum edirlər. Ancaq bu ölkələr Alyansa üzv qəbul edildikdən sonra Türkiyə ilə strateji müttəfiq olacaqlar. O halda öz müttəfiqinin ərazi bütövlüyünü təhdid edən terrorçuları İsveç və Finlandiya hansı əsasla dəstəkləyəcək?”.

Ekspert bildirib ki, Türkiyə 70 ildir NATO-nun üzvüdür və 1952-ci il fevralın 18-də Yunanıstan və Portuqaliya ilə birgə quruma üzv olub: “O vaxt sənədləri mərhum Prezident Cəlal Bayar imzalayıb. Bununla da NATO üzvlərinin sayı 12-yə çatıb. Türkiyə Alyansa qoşulanda Koreya müharibəsi gedirdi. Türkiyə bu savaşda müttəfiqlərini, onların hədəflərini hərbçilərinin canı, qanı bahasına müdafiə etdi. Tutaq ki, NATO-ya üzv olandan sonra Rusiya İsveç və Finlandiyaya hücum etdi. O halda Türkiyə Alyansın üzvü olaraq, qurumun nizamnaməsinə əsasən, bu dövlətlərin ərazi bütövlüyü və suverenliyini müdafiə etməlidir. Deməli, Türkiyə hərbçisi onu qətlə yetirən terrorçuya maddi, mənəvi, siyasi, sosial, hərbi, maliyyə yardımı edən dövlətin varlığı uğrunda vuruşmalı və ölməlidir. Odur ki, Türkiyənin ABŞ başda olmaqla NATO-dakı müttəfiqlərindən bu kimi dolaşıq və təzadlı məsələlərdə suverenlik və təhlükəsizliyin qorunması baxımından aydınlıq gətirilməsini istəməsi təbiidir, hüquqi baxımdan qanunidir”.

Analitikə görə, rəsmi Ankara 41 il öncəki hadisəni təkrar etmək istəmir: “1974-ci ildə Şimali Kiprdə baş verənlərə etiraz olaraq, Yunanıstan Alyansa üzvlükdən çıxmışdı. Ancaq 1981-ci ildə NATO-ya qayıtmaqla bağlı müraciət etdi. Onda Türkiyə yunanların geri qayıdışına etiraz etməmişdi. Rəsmi Ankaranın bu xoşməramlı jesti qarşılığında Yunanıstan NATO-dakı müttəfiqi olan Türkiyəyə qarşı fəaliyyətini indiyədək davam etdirir. Türkiyənin düşmənlərinə yardım edir. Bu baxımdan, rəsmi Ankaranın indiki və perspektiv müttəfiqləri arasında müəyyən şərtlər irəli sürməsindən qıcıqlanmaq, onu rusiyayönümlü saymaq məntiqli görünmür. Türkiyə NATO-dakı müttəfiqlərinin əvvəllər tələb etdiklərini İsveç və Finlandiyadan da istəyir. Bura, ilk növbədə, Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edənlərin dəstəklənməməsi, onlara yardım edilməməsi, müdafiə olunmaması daxildir.