Moskva  müxalifətin Paşinyanı devirmək gücündə olmadığının fərqindədir - Politoloq

“Ermənistanın radikal müxalifəti yeni hədəf tapıb. Bu Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysidir”. 

“Sherg.az” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, xanım səfir “Armenpress” agentliyinə müsahibəsində “Amerikanın erməni xalqına gələcək qurmaqda dəstəyini davam etdirəcəyini deyib: 

“Səfir bildirib ki, erməni xalqı 2018 və 2021-ci illərdə seçki və demokratiya yoluna üstünlük verdiyini göstərib”. Səfirin açıqlaması radikal müxalifət liderlərinin qəzəbinə səbəb olub. Onlar səfiri ittiham ediblər ki, xanım Treysi demokratiyadan danışarkən küçədə döyülən və həbs olunan insanları görmür, buna münasibət bildirmir. Küçədə “döyülənlər” və həbs edilənlər Rusiyanın təsiri altına olan insan və qüvvələrdir. Bu halda Vaşinqton Rusiyanın dəstəkçilərinə və Paşinyanı devirmək istəyənlərə niyə dəstək verməli və ya həbs edilənlərin taleyi ilə maraqlanmalıdır? Radikal müxalifətin təmsilçiləri ABŞ səfirini tənqid edərkən Kremlin daha çox xoşuna gəlmək istəyirlər. Bəllidir ki, Kreml Amerikanı tənqid edənləri yanında görmək istəyir. 

Buna baxmayaraq, Moskva radikal müxalifətin Nikol Paşinyanı devirmək gücündə olmadığının fərqindədir. Yalandan məlumat yayırlar ki, guya Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son toplantısında Rusiya prezidentindən xahiş etmək istəyib ki, təşkilat yanvar ayında Qazaxıstanda olduğu kimi Ermənistana da hərbi qüvvələr göndərsin. Bu, Paşinyan əleyhinə xəbər təxribatına bənzəyir. Ermənistan polisi Paşinyana tabedir və küçədəkiləri neytrallaşdırır. Bu halda Paşinyanın kənar müdaxiləyə niyə ehtiyacı olsun ki?”.