Sülhməramlıların özbaşınalığının qarşısını təcili almalıyıq

"Belə getsə, Qarabağda Putinə də heykəl qoyacaqlar"

Qarabağa müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının məşğul olduqları lüzumsuz işlərdən biri də torpaqlarımızda müxtəlif heykəllər, abidələr ucaltmaqdır. Sülhməramlı kontingent Qarabağa ayaq basdığı ilk gündən bu yana ruslara, bəzən isə erməni əsilli rus alim və yazıçılara ümumilikdə 12 heykəl qoyulub. Üstəlik, “sülhməramlı” missiyanın şəfərinə özləri üçün də abidə ucaldıblar. Bürüncdən tökülmüş abidədə tam döyüş sursatlı, çiynində Kalaşnikov avtomatı olan sülhməramlı və ona gül buketi verən kövrək qız təsvir edilib. 

Rusların müvəqqəti missiya icra etmək üçün yerləşdirildikləri Qarabağda mütəmadi heykəl “basdırmalarını” dəyərləndirən politoloq Əhəd Məmmədli “Şərq”ə bildirib ki, ruslar Qarabağda özlərinə koloniya qururlar.

 Analitik bildirib ki, kolonizatorlar göz dikdikləri yerlərin hamısı döyüşlə əldə etmirlər: “Xristian dövlətləri Afrikaya, Asiyaya əllərində “Bibliya” gəlmişdilər. Guya işğalçılıq, istismar yox, humanist məqsədlərlə həmin yerlərə ayaq basıblar. 

Hətta ilk vaxtlar bəzi işlər görür, tikililər inşa edirdilər. Daha sonra isə bütün bölgəni işğal edir, insanları əsarət altına alırdılar. Ruslar da Qarabağda öz heykəllərini qoyur, baxça, məktəb açırlar. Bir müddət sonra Putinə də heykəl ucaldacaqlar. Ən nəhayətdə isə yerli əhaliyə rus pasportu paylayaraq bölgəni Rusiyanın “parçası” kimi görməyə başlayacaqlar.

 Təəssüf doğuran odur ki, rusların Qarabağdakı bu qədər özbaşına hərəkətlərinə layiqli, tutarlı rəsmi reaksiya, cavab verilmir. Çox ciddi məsələdir və ən tez müddətdə qarşısını almalıyıq”.