Çoxpartiyalı sistem inkişaf etdirilməlidir

Tural Abbaslı Ədalət Vəliyevlə görüşündə təkliflər səsləndirib

    Dünən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ağ Partiyanın sədri Tural Abbaslı ilə görüş keçirib. Görüşdə şöbə müdiri Prezident İlham Əliyev tərəfindən aparılan sistemli islahatların bütün sahələri əhatə etdiyini, bu islahatların ölkəmizdə baş verən siyasi prosesləri də ehtiva etdiyini qeyd edib. 

Siyasi qüvvələrin Vətən naminə birgə bəyanat və müraciətlərinin ölkə əhalisinin Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdiyinin göstəricilərindən biri olduğu vurğulanıb. Ölkəmizdə fəaliyyət göstərən partiyalarla hakimiyyət arasında və partiyalar arasında siyasi dialoq mədəniyyətinin dövlətimizin güclənməsinə, xalqımızın rifahına böyük töhfələr verəcəyi qeyd olunub. Tərəflər iqtidar-müxalifət siyasi dialoqunun yeni formatlarda davam etdirilməsinin və bununla bağlı yeni təkliflərin dəyərləndirilməsinin önəmini vurğulayıblar. 

Görüşün detalları barədə “Şərq”ə danışan AĞ Partiyanın sədri Tural Abbaslı müzakirələrin çox faydalı olduğunu deyib. Partiya rəhbəri bildirib ki, görüşdə öz təkliflərini və fikirlərini qarşı tərəfin diqqətinə çatdırıb: 

“Qaldırılan məsələlərlə bağlı Ədalət Vəliyevin də yanaşmasını öyrəndik. Belə təmasların zəruri olduğunu düşünürük. Təkcə iqtidar-müxalifət dialoqu kontekstində deyil, eyni zamanda dövlətçilik baxımından da görüşlər önəmlidir. Azərbaycanda çoxpartiyalı sistem inkişaf etməlidir. O zaman dövlət də inkişaf edəcək və ölkənin daxili immuniteti güclənəcək. Görüşdə əsasən, dialoq ətrafında gedən proseslərdən söz açdıq, müzakirələr apardıq. Həmçinin, Azərbaycan-Ermənistan arasındakı sülh prosesindən, Qarabağda baş verənlərdən də danışdıq. Bu məsələdə dövlətə dəstəyimizi bir daha bəyan etdik. Vurğuladıq ki, milli maraqlar çərçivəsində AĞ Partiya heç vaxt şəxsi maraqlar güdmür. Görüşlər davamlı olarsa, qarşılıqlı anlaşma və hörmətlə davam etdirilərsə, nəticələr də qaneedici olar. Proses daha irəliyə daşınmalıdır”.