Vəziyyət dəyişir, yeni senarilər hazırlanır



"Rusiyanın çökdürülməsi fonunda “Turan ideyası”nın qabardılması da romantizm deyil, məhz praqmatik siyasətin təzahürüdür"

Finlandiya və İsveç nümayəndə heyətləri NATO-ya üzvlük prosesini müzakirə etmək üçün mayın 25-də Türkiyəyə səfər edəcəklər. Hər iki ölkə nümayəndə heyətləri ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal görüşəcək. Qeyd olunub ki, İsveç nümayəndə heyətinə Baş nazir ofisinin dövlət katibi Oscar Finnishöm, Finlandiyadan isə XİN-in müşaviri Jukka Salovaara başçılıq edəcək. ABŞ müdafiə nazirinin müavini Katlin Hiks Osloda deyib ki, Vaşinqton Finlandiya və İsveçin hərbi alyansa üzvlüklə bağlı Türkiyənin narahatlıqlarını həll edəcəyindən əmindir. 

NATO-nun baş katibi Yens Stoltenberq də bildirib ki, başqa heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb. O bildirib ki, Türkiyə hərbi blokun vacib müttəfiqidir və İŞİD-ə qarşı mübarizədə açar rol oynayıb. Baş katib əlavə edib ki, strateji mövqedə yerləşən Türkiyə bütün alyans üçün vacibdir: “Biz oturmalı və irəliyə doğru bir yol tapmalıyıq”. 

Siyasi şərhçi Azər Rəşidoğlu “Şərq”ə bildirib ki, Ankara İsveç və Finlandiyanın Alyansa daxil olmasını bloklamaq imkanına malik olduğunu anlayır və bu amildən bəhrələnir. Analitik deyib ki, quruma yeni üzvlərin qəbulu istisnasız olaraq, bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir: 

“Finlandiya və İsveçin Alyansa üzvlüyünə Türkiyə və Xorvatiya qarşı çıxır. İlk baxışdan, NATO və Ərdoğanın anlaşması imkansız görünür. Ərdoğan güzəştə gedəcəyi vaxt, nələrsə əldə edə bilir.  Türkiyə liderinin Finlandiya və İsveçə “əzələ nümayiş” etdirməsi yalnız “kürd problemi” ilə bağlı deyil. Türkiyə NATO-nun ən güclü ordularından birinə malikdir və Ankara anlayır ki, yaranmış vəziyyətdə “siyasi hərrac”dan uduşla çıxa bilər. Türkiyənin bu məsələdə qətiyyətli mövqeyindən sonra artıq Avropa İttifaqı da qapılarını Türkiyənin üzünə aça biləcəyinə işarə vurub. NATO-ya üzv olmaq kifayət qədər uzun çəkən prosedurdur. Bu baxımdan, yeni üzvlərin qəbulu məsələsi uzana bilər. Lakin Putin dünyanı nüvə silahı ilə şantaj edir. Odur ki, Vaşinqton bu məsələdə tələsməyi lazım bilir. Lakin istənilən halda Finlandiya və İsveçin NATO-ya belə tezliklə üzv olması inandırıcı deyil, bunu Ərdoğan da bilir. Sadəcə olaraq, Türkiyə prezidenti böyük miqyasda cərəyan edən oyundan Ankaranın xeyrinə istifadə etmək istəyir”.

Ekspertə görə, bu, razılaşdırılmış oyun təsirini bağışlayır: 

"Ankara və Londonu müttəfiq də adlandırmaq olar. London Bakının da ən yaxın müttəfiqidir və 44 günlük savaşda bunun şahidi olduq. Bu baxımdan, istisna deyil ki, Ankara və London dünyanın yenidən bölüşdürülməsi prosesində əməkdaşlıq edirlər. Hər iki paytaxta öz rolunu oynamaq həvalə edilib. ABŞ dünyanın yeganə hegemonu olmaq istəyir. Ankaraya isə regional güc statusu kifayət edir. Bu baxımdan, Finlandiya və İsveçin Alyansa üzvlüyü əslində heç nəyi dəyişmir. Artıq NATO-nun SSRİ dönəmində olduğu qədər önəmi yoxdur və yaranmış vəziyyətdə tamamilə yeni senarilər planlaşdırılır. Vaşinqton, London, Ankara, Bakı və transmilli korporasiyalar dünyanın yeni düzənini formalaşdırır. Rusiyanın çökdürülməsi fonunda “Turan ideyası”nın qabardılması da romantizm deyil, məhz praqmatik siyasətin təzahürüdür. London və Vaşinqton dünya hegemonluğuna can atır. Bu isə türk dünyası olmadan həyata keçirilə bilməz. Türk dünyası ilə əməkdaşlıq eyni zamanda Rusiyada yaşayan minlərlə türkə bir mesajdır və Rusiyanın daxildən parçalanması prosesinə hazırlıqdır. Digər tərəfdən, uyğur türkləri ilə problemlər yaşayan Pekin üçün əlavə baş ağrısıdır və Çinin artan nüfuzuna qarşı düşünülmüş addımdır”. 

A.Rəşidoğlu bəyan edib ki, Çinin Orta Asiyaya nəzarəti London-Vaşinqton-Ankaranın strateji maraqlarına zidd olardı: 

“Türk-slavyan birliyi artıq aktuallığını itirib, Rusiya çökür və bu ideya da dəfn edilir. Əvəzində yeni ideya gündəmə çıxır -  türk-ingilis birliyi, Xəzər dənizinə çıxış əldə etmək. Orta Asiya ilə birlik Ankara üçün yeni perspektivlər açır. Ankara London və Vaşinqtonun əsas dayağına çevrilməkdədir. Ərdoğanın Qərbə qarşı sərt çıxışlarına baxmayaraq, oyun başlayıb və Ankara oyunun içindədir. Rusiya, Çin, istisna deyil ki, İran hədəfə gələcək və dünyanın siyasi xəritəsi yenidən formalaşacaq”.