Brüssel sülh gündəliyini dəyişməyəcək



5 saatlıq görüşdə Ermənistanın bütün manevr imkanları məhdudlaşdırıldı

Gözlənildiyi kimi Brüssel görüşünün nəticələri Ermənistanın revanşist və radikal müxalif dairələrində “fəlakət” kimi dəyərləndirilib. Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan deyib ki, Brüsseldə “5 fəlakətli saat” keçirilib, nəticədə Ermənistanın daha bir məğlubiyyəti olub: “Görüşdən sonra yayımlanan bəyanatda “Dağlıq Qarabağ”ın adı yoxdur. Azərbaycanın iddia etdiyi kimi, belə bir inzibati ərazi mövcud deyil. Məsələ bununla da bitdi!”. Onun sözlərinə görə, Rusiya bəyanatın mətnindən tamamilə çıxarılıb: “Əgər əvvəlki iki bəyanatda Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş bəyanatlara və razılaşmalara diqqət yetirilirdisə, indi bu haqda danışılmır. Artıq ATƏT-in Minsk qrupunun həmsədrliyindən də söz açılmır”. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Lilit Qalstyan “Facebook” səhifəsində yazıb ki, Brüssel görüşü Ermənistanın parçalanması və dövlətin son kapitulyasiyası haqqındadır: “Görüşdən sonra verilən bəyanat Qarabağ məsələsinin dəfnidir. Ermənistanın Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan da hazırda Azərbaycanın tələblərinin yerinə yetirildiyini söyləyib. Buna rəğmən, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayıb. Borrell Aİ-nin regionda sülh və barışıq səyləri istiqamətində fəal işləməyə davam edəcəyini qeyd edib. Fransanın Azərbaycandakı səfiri Zakari Qross da Brüssel görüşünü uğurlu adlandırıb. Onun sözlərinə görə, sülh sazişi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması perspektivləri çox ümidvericidir. Borrel qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin normallaşma prosesində şəxsən iştirak etməsi son dərəcə dəyərlidir. 

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Ermənistan hakimiyyətinin qütblərarası manevrləri, daxili siyasətə hesablanmış və xarici amillərdən qaynaqlanan manipulyativ davranışları Bressel gündəliyini dəyişə bilmədi. Ekspertə görə, üçtərəfli görüşdə müzakirə olunan məsələlər və əldə olunan nəticələr də təsdiqləyir:

 “Ermənistan Azərbaycandan fərqli olaraq, daha öncə Brüsseldə keçirilən iki görüşdə əldə olunan nəticələrlə bağlı mövqeyini bir neçə dəfə dəyişib. Rəsmi İrəvanın öz öhdəliklərinə sadiqliyi baxımından, həm Avropa İttifaqı ilə münasibətlərinə, həm də sülh gündəliyi ilə bağlı dəyişkən davranışlarına aydınlıq gətirilməsinə daha çox ehtiyac duyulur. Hər halda 5 saat davam edən görüşdə regiondakı reallıqları və tərəflərin mövqelərini detallı şəkildə ifadə edən bütün məqamlara aydınlıq gətirildiyi şübhə doğurmur. Avropa Şurası Prezidentinin mətbuat üçün açıqlamasında “Daqlıq Qarabağ” ifadəsinin işlədilməməsi, bu söz birləşməsinin qlobal siyasi gündəmdən çıxarıldığını sübuta yetirir. Şarl Mişelin açıqlamasında yer alan “Qarabağ” ifadəsi isə Azərbaycan Respublikasının iqtisadi rayonlarından birinin adı kimi, ölkəmizin etnik ermənilərin də yaşadığı əraziləri üzərində suveren hüquqularının istisnasız olaraq tanındığını nümayiş etdirir. Görüşdə, artıq tarixin arxivinə yola salınmış “status” məsələsinin müzakirə predmeti olmaması, həmçinin Azərbaycanda yaşayan erməni əhalisinin hüquqlarından söz açılması rəsmi Bakının daha öncə açıqladığı baxış bucağı ilə üst-üstə düşür. Azərbaycan həm müharibədən öncə, həm də postmüharibə dövründə ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə təminat verdiyini, ölkə Konstitusiyasının Azərbaycan vətəndaşlarına verdiyi hüquq və azadlıqların onlara da şamil edildiyini dəfələrlə bəyan edib. Məhz bu baxımdan, bu, ölkəmiz üçün hüquqi və siyasi baxımdan öz həllini tapmış məsələ hesab oluna bilər. Görüşdə işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi, eləcə də itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin müzakirəsi, sözügedən istiqamətlərdə də rəsmi Bakının mövqeyinin dəyişmədiyini əks etdirir. Həmçinin proses iştirakçılarının diqqətinə bir daha çatdırır ki, Azərbaycan həllini tapmamış humanitar problemlərə sülh gündəliyinin tərkib hissəsi kimi yanaşır”.

E.Mirzəbəyli vurğulayıb ki, Brüssel görüşü Ermənistanın manevr imkanlarının məhdudlaşdırılması baxımından əhəmiyyətlidir: 

“Ermənistanın bütün iddialarına, yayındırıcı manevrlərinə baxmayaraq, Brüssel sülh gündəliyinin dəyişməyəcəyini söyləyə bilərik. 

Əgər rəsmi İrəvan, yenə də müxtəlif bəhanələrlə əldə olunan razılaşmaların yerinə yetirilməməsi üçün vaxt qazanmağa cəhd göstərərsə, o zaman Avropa İttifaqının bu ölkəyə yardımlarının dayandırılması ilə bağlı məsələ gündəmə gətirilə bilər.

 Həmçinin, Aİ-Ermənistan münasibətlərinin perspektivinə yenidən baxılar. Ermənistanın mövcud sosial-iqtisadi problemlərindən öz imkanları hesabına çıxmaq potensialının olmadığını söyləyə bilərik. Üçüncü Brüssel görüşünün nəticələri sübuta yetirdi ki, Ermənistanın mövcud reallıqlar və şərtlər çərçivəsində sülh prosesini davam etdirməkdən başqa çıxış yolu yoxdur.

  Əks təqdirdə, Ermənistanın əldə olunan razılaşmalarla ziddiyyət təşkil edən iddialarını, sonuncu Brüssel görüşündə olduğu kimi bu ölkənin rəsmilərinə tərsinə oxutduracaqlar. Bu proses hələlik diplomatik müstəvidə davam etdirilir”.