Terror yuvası...

İsveç və Finlandiya NATO-nun qapısının çölündə qalıb

Ankaranın tələbləri yerinə yetirilməsə Türkiyə bu iki ölkənin alyansa üzvlüyünə xeyir-dua verməyəcək

   Mayın 25-də Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar keçirilib. Tərəflər Stokholm və Helsinkinin NATO-ya üzv olmaq üçün müraciətlərini müzakirə ediblər. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın danışıqlar zamanı Ankaraya müdafiə təyinatlı məhsulların tədarükünə qoyulan embarqonun aradan qaldırılması məsələsinə “müsbət münasibət” olduğunu deyib. 

Həmçinin, bildirib ki, NATO-ya üzvlük prosesini inkişaf etdirmək üçün Ankaranın bununla bağlı təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün konkret addımlar atmalıdır: “Türkiyə açıq şəkildə bildirdi ki, Ankaranın təhlükəsizliklə bağlı narahatlıqları müəyyən vaxt çərçivəsində atılan konkret addımlarla qarşılanmasa, İsveç və Finlandiyanın NATO-ya üzvlük cəhdi irəli gedə bilməz”. 

Məlumat üçün bildirək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda hər iki ölkə hərbi bloka qoşulmaq niyyətini açıqlayıb. Mayın 18-də NATO-ya üzvlük üçün rəsmi müraciət ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verə bilməz. Çünki bu ölkələr terror təşkilatlarına rəvac verir və Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Türkiyə dövlətinin başçısı onu da qeyd edib ki, bu ölkələrin heç birinin terror təşkilatları ilə bağlı dəqiq və birmənalı mövqeyi yoxdur.

Siyasi şərhçi Turab Rzayev “Şərq”ə bildirib ki, bu məsələdə Türkiyəni ittiham və tənqid edənlər ya Qərbi kor-koranə ideallaşdırmış şəxslərdir, ya da qardaş ölkəyə qərəzli mövqedə dayananlardır. Analitik deyib ki, Ankaranın yanaşması tamamilə aydın və anlaşılandır: 

“Hər iki ölkə, xüsusən İsveç PKK terror təşkilatını açıq şəkildə dəstəkləyir. Bu ölkə hər il terrorçular üçün milyonlarla dollar yardım edir və onlara sığınacaq verir. Həmçinin, PKK-nın siyasi fəaliyyətinə imkan yaradılır, terrorçular efirə çıxarılır. İsveç təkcə Avropada deyil, Suriyadakı PYD, YPG terrorçularına da dəstəyini əsirgəmir. Türkiyə ilk növbədə haqlı olaraq öz maraqlarını müdafiə edir. Bəyan edir ki, terroru açıq-aşkar dəstəkləyən bir dövlət Avropanın nüfuzlu hərbi təşkilatında təmsil oluna bilməz. Ankara hökuməti İsveç və Finlandiyanın PKK-ya dəstək verməkdən imtina etməsini və Türkiyəyə qarşı hərbi-iqtisadi sanksiyaların götürülməsini tələb edir. Ən azından bununla bağlı konkret addım atılmasını gözləyir. Əgər İsveç və Finlandiya, o cümlədən Qərb irəliyə doğru addım atsa, Türkiyə prosesi növbəti mərhələyə daşıyar. Əks halda hər iki ölkənin nümayəndələrinin Ankaraya səfərləri, qarşılıqlı görüşlər nəticə verməyəcək”.