Conson alternativ "Avropa İttifaqı" ideyasını gündəmə gətirir

Əziz Əlibəyli: "Hətta Bakını da yeni birliyə qatmaq üçün sərfəli təkliflər ediləcək"


   Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqına alternativ olaraq yeni siyasi, iqtisadi və hərbi birlik yaratmağı təklif edib. Baş nazir bildirib ki, Avropa Əməkdaşlığı adlanacağı ehtimal olunan birliyə Polşa, Estoniya, Litva və Ukraynanın qoşulması təklif olunur. Baş nazirin ideyasına əsasən, sonradan ittifaqa Türkiyə də qoşula bilər. Məlumata görə, Boris Conson bu ideyanı ilk dəfə Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə bölüşüb. Qeyd olunub ki, iyunun 23-24-də Avropa İttifaqı Ukraynanın quruma üzvlüyə namizədliyini bəyənməzsə, o zaman V.Zelenksi baş nazirin ideyasına ciddi yanaşa bilər. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə bildirib ki, Böyük Britaniyanın Baş naziri Boris Consonun alternativ “Avropa İttifaqı” ideyası Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın taleyinin və gələcəyinin Londona bağlı olduğuna dəlalət edir. Analitik vurğulayıb ki, bu, ilk təşəbbüs deyil, 1986-cı ilədək, yəni Böyük Britaniyanın Avropa İttifaqına daxil olmasına kimi London bu ideyasını gündəmdə saxlayıb: “Consonun “Brexit”i dəstəkləməsindən sonra bu məsələnin yenidən aktuallaşması gözlənilən idi. Baş nazir Boris Consonun kraliyyətdən aldığı dəstəklə belə addım atması sirr deyil. 

Görünür, Almaniya və Fransanın Rusiyanın təsirindən xilas ola bilməməsi və Rusiya-Ukrayna müharibəsində sərgilədikləri mövqe ABŞ və Böyük Britaniyanı yeni dünya nizamı formalaşdırmağa sövq edib. London hesab edir ki, Paris və Berlin yeri gəldiyi zaman Böyük Britaniyanın Avropadakı maraqlarını sata bilərlər. 

Polşa, Estoniya, Litvanın yeni birlik yaratması və gələcəkdə Türkiyənin də ora qoşulması reallaşa bilər. Hətta düşünürəm ki, belə birlikdə Azərbaycanın da adı hallanacaq. Rəsmi Bakını da yeni birliyə qatmaq üçün sərfəli təkliflər ediləcək. Ancaq yeni birlik nə qədər effektli ola bilər? Doğrudanmı “cırtdan” dövlətlərlə güclü təsir mexanizmlərinə malik anti-Rusiya koalisiyası yaratmaq mümkündür?! 

Əlbəttə, Polşa önəmli ölkədir, amma Estoniya, Litva və Latviya kimi respublikaların oynayacağı rol məlum deyil. Məncə, Böyük Britaniya bu ölkələrə Rusiya yaxınlığında siyasi coğrafiya kimi yanaşır. İstənilən halda kilid ölkə Türkiyədir. Bütün cəbhələrdə Türkiyəyə diqqət və ehtiyac böyükdür”.