Təxribatı törədənlər sadəcə Paşinyana qarşı olan qüvvələr deyil

Rusiya generaliteti və rus xarici kəşfiyyatı da burada mühüm rol oynayır

Kreml Paşinyana qarşı limiti bitmiş “Qarabağ klanı”ndan deyil, müxalifətin yeni isimlərindən istifadə edir. Bizim üçün problem yaradan amil odur ki, getdikcə Paşinyanın devrilmək ehtimalı güclənir

   Son günlər Ermənistan tərəfinin təxribatları intensiv hal alıb. Mayın 30-31 tarixlərində erməni silahlı qüvvələri Kəlbəcər rayonunun Zivel və Zəylik, həmçinin Tovuzun Ağdam kəndlərini müxtəlif çaplı silahlardan atəşə tutublar. Ermənilərin atəşə məruz qoyduğu kəndlərdə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər də var. Ekspertlərin fikrincə, ermənilərin Kəlbəcər və Tovuz rayonlarını atəşə tutması növbəti hərbi təxribat, siyasi avantüradır. Bəzi şərhçilərə görə, İrəvan hökuməti sərhəd xəttində təxribatlar törətməklə diqqəti əsas proseslərdən yayındırmağa cəhd edir. Təbii ki, sərhəd təxribatlarında Paşinyana qarşı çıxan müxalif gücləri, xüsusən ölkədən kənardakı xarici qüvvələri də suçlayanlar az deyil. 

İstənilən halda Ermənistanda mərkəzi idarəetmənin stabil olmaması, orduya nəzarətin itməsi bu təxribatların ardıcıllığında özünü göstərir. Görünür, Ermənistan ordusundakı dağınıq durumdan bir çoxları təxribat məqsədi ilə istifadə etməkdədir. Ermənistan iqtidarına qarşı Azərbaycanla sülh müqaviləsi bağlanması əleyhinə açıq etirazlar var. Eyni zamanda erməni cəmiyyətinin Azərbaycanla növbəti hərbi qarşıdurmaya tərəfdar olmadığı açıq görünür. Bunun nəticələrinin ermənilər üçün hansı fəlakətlərə səbəb olacağını daha yaxşı dərk edirlər.

 Ona görə də bu cür hərbi təxribatlar bir çox məsələlərdə diqqəti yayındırmaq üçün edilən cəhdlər kimi qiymətləndirilir. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan danışıqları müəyyən mərhələyə gələndə, hansısa razılaşmalar olanda dərhal ermənilər tərəfindən təxribat törədilir. Professorun sözlərinə görə, həmin siyasət bu gün də davam edir:

 “Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasına baxmayaraq, yenə də təxribatdan əl çəkmir. Ermənistan-Azərbaycan sərhədindəki təxribatların arxasında duran güclər sadəcə Paşinyana qarşı olan qüvvələr deyil. 

Rusiya generaliteti və rus xarici kəşfiyyatı da burada mühüm rol oynayır. Eyni zamanda İranın, SEPAH-ın da müəyyən strukturları Ermənistana “stimul” verir. Azərbaycanın uğurlarını həzm edə bilməyən, narkoticarəti, torpaqlarımız üzərindən həyata keçirdiyi qanunsuz əməlləri boşa çıxan İranın, daha doğrusu, İrandakı bəzi dairələrin də sərhəd təxribatında maraqları var. Əsl məqsədlərini gizləmək üçün təxribatları Qarabağ məsələsinə calamağa çalışırlar. 

Son bir aydır, Kəlbəcərin ayrı-ayrı kəndləri Ermənistan tərəfindən atəşə məruz qalır. Ermənilər Qarabağın “arxa qapısı”nın bağlanması, Kəlbəcər və Laçının əldən çıxması ilə bağlı barışa bilmirlər. Əlbəttə, Paşinyanın təşəbbüsləri, sülh prosesi ilə bağlı cəhdləri, ABŞ lehinə söylədikləri və bu fonda Rusiyanın narahatlığı da təxribatlara rəvac verir. Sirr deyil ki, Moskvada Paşinyanı devirmək istəyən güclər var. 

Ancaq sərhəd təxribatlarında “Qarabağ klanı”na ciddi rol verilməsini doğru saymıram. Çünki bu, onların yenidən “dirildilməsi” deməkdir. “Qarabağ klanı” çoxdan “ölüb”, əlindəki təsir mexanizmlərindən məhrum qalıb. Kreml Paşinyana qarşı limiti bitmiş “Qarabağ klanı”ndan deyil, müxalifətin yeni isimlərindən istifadə edir. Bizim üçün problem yaradan amil odur ki, getdikcə Paşinyanın devrilmək ehtimalı güclənir”. 

C.Nuriyev vurğulayıb ki, Paşinyanın Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışması baş nazirin sonunu yaxınlaşdırır:

 “Bu sonu hazırlayan isə Rusiyadır. Moskva birmənalı olaraq Azərbaycan-Ermənistan arasında qısa müddətdə sülhün bağlanmasını, sərhədlərin tamamilə müəyyənləşməsini istəmir. Çünki prosesin başa çatması Rusiya sülhməramlı qüvvələrinin Qarabağı birdəfəlik tərk etməsi anlamına gəlir. Eyni zamanda üçtərəfli bəyanatın da hüquqi gücü qalmır. Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, sərhədlərin delimitasiya və demarkasiyası yekunlaşmayıb, təxribatlar davamlı olacaq. Kreml oyun oynayır, nə zaman ki, Moskvada görüş gözlənilir, həmin ərəfədə sərhəd təxribatları baş vermir. Amma Brüssel görüşü gündəmə gələn kimi erməni silahlı qüvvələri fəallaşır”.