NATO bütün dövlətlərin ürəyincə deyil

Avropa İttifaqı hərbi gücə çevrilmək istəyir

   Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında bildirib ki, Aİ ölkələrinin müdafiə qabiliyyətinin necə gücləndirilməsi mövzusu müzakirə olunub. Aİ-nin baş diplomatı qeyd edib ki, Avropa Müdafiə Agentliyi üzv dövlətlərin müdafiə sahəsində performansını qiymətləndirir: “Görünən odur ki, daha çox iş görülməlidir və biz bunu birlikdə etməliyik. Əgər hər bir üzv dövlət ayrılıqda müdafiə xərclərini artırsa, bu, böyük maliyyə vəsaitinin itkisi deməkdir. 

Çünki belə halda biz duplikasiya və təkrarlanmanın qarşısını ala bilməyəcəyik, üzv ölkələr müdafiə sənayesində təkrara yol verəcəklər və mövcud boşluqları aradan qaldıra bilməyəcəyik. Ona görə də biz müdafiə sahəsində xərclərini koordinasiyalı şəkildə artırmalıyıq və təbii ki, bu, asan məsələ deyil. Çünki ordu, hərb sənayesində inkişaf hər bir ölkənin əsas məsələsidir və bu sahədə əməkdaşlıq siyasi bacarıqlar və iradə tələb edir”. Borrell əlavə edib ki, Avropa Müdafiə Agentliyi hesabat təqdim edib və burada bir sıra tövsiyələr var: “Biz Ukrayna müharibəsindən öyrəndik ki, ticarət, qanunun aliliyi, sivil güc olmaq kifayət deyil, biz həmçinin hərbi güc olmalıyıq”.

Politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, NATO-nun yarandığı gündən bugünədək Avropa ölkələri hər zaman asılı vəziyyətdə olublar. Ekspertin sözlərinə görə, NATO genişlənsə də, bir sıra ölkələr dəfələrlə hərbi blokdan çıxıb, sonra yenidən geri qayıdıblar:

“Məsələn, Fransa və Yunanıstan təşkilatdan çıxsalar da, sonradan geri qayıdıb. Bir təşkilatda olmaq həmin qurumun digər üzvləri tərəfindən hücuma məruz qalmayacaq demək deyil. Bunu Türkiyənin timsalında aydın görmək olur. Türkiyə NATO üzvü olsa da, bir çox üzvlər illərdir terror təşkilatlarının fəaliyyətini dəstəkləyir. Bu, bir daha onu göstərir ki, NATO təşkilat kimi bütün dövlətlərin ürəyincə deyil. Amma Rusiya xofu onları məcbur bu təşkilatda birləşməyə vadar edir. Bəzi dövlət blokun xərclərinin çox hissəsini ödədiyi halda digərləri az hissəsini ödəyir. Bir sözlə, NATO da KTMT kimi müəyyən aparıcı ölkələrin maraqlarını qorumaq məqsədi güdür”. 

Siyasi şərhçi vurğulayıb ki, Avropa İttifaqının hərbi gücə çevrilmək istəyi Almaniyanın təşəbbüsüdür:

 “Almaniyanın hətta ciddi ordu yaratmaq niyyəti bəllidir. İkinci dünya müharibəsindən sonra Almaniyaya ordu yaratmaq qadağan edilmiş, ərazisində ABŞ hərbi bazaları yerləşdirilmişdi. Hazırda dünyada gedən proseslər göstərir ki, nizam yenidən qurulur. Belə proseslər yüz ildə bir olur.  Mövcud rejimlər, təşkilatlar, münaqişəli ərazilər son dəfə şəkilləndirilir. NATO ilə Aİ arasında mövcud olan gizli problemlər artıq bu təşkilatları yenidən öz təhlükəsizliklərini necə qorumaq haqda düşünməyə vadar edir”.