Ukraynalı qaçqınlar vətənlərinə dönmək istəmir

Onlar bilirlər ki, savaş bitsə belə Ukraynanın tamamilə dağıdılmış iri şəhərlərinin bərpası illərlə vaxt aparacaq

   Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı növbəti dəfə ittiham edib. O deyib ki, Rusiya həm müharibədə əsir aldığı böyükləri, həmçinin, azyaşlı uşaqları zorla öz ölkəsinə aparır. Zelenskinin iddiasına görə, Rusiya müharibə başlayandan bəri valideynlərindən ayrılmış ümumilikdə 200 mindən çox ukraynalı uşağı oğurlayıb: “Rusiya bu uşaqları xüsusilə ucqar ərazilərə yerləşdirir. Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, insanlara Ukraynanı unutdurmaq və onların geri qayıtmasının qarşısını almaqdır”. 

Bu arada Polşanın Xarici işlər naziri Zbiqnev Rau önəmli bir məqama diqqət yönəldib. Nazir bildirib ki, Polşaya üz tutan iki milyon ukraynalı qaçqın bu ölkədə qalmaq qərarına gəlib. Onun sözlərinə görə, Ukraynanı tərk etməyə məcbur olan 5 milyondan çox ukraynalının 3,5 milyonu Polşaya pənah gətirib: “Hesablamalara görə, onlardan 2 milyonu Polşada qalmağa qərar veriblər. Bu qərara gələn ukraynalılar Polşa vətəndaşları ilə bərabər bütün sosial və iqtisadi hüquqlardan istifadə edə biləcəklər”. Nazir, həmçinin Avropa İttifaqında miqrasiya məsələsinə ümumi məsuliyyət kimi baxıldığını söyləyib. Qeyd edib ki, qaçqınların yerləşdirilməsi üçün Polşa hökumətinə pul ödənilməsi üçün danışıqlar aparılır. 

Politoloq İlqar Vəlizadə “Şərq”ə bildirib ki, Zelenski zaman-zaman Ukraynada baş verən humanitar fəlakətə beynəlxalq aləmin diqqətini cəlb etmək üçün müəyyən açıqlamalar verir. Ekspert vurğulayıb ki, prezidentin məqsədi ölkədəki humanitar böhranın miqyasını göstərərək, Qərbdən hərbi və maliyyə yardımı tələb etməkdir: 

“Zelenski istəyinə nail olur. Qərb ölkələri Ukraynaya əsasən hərbi yardım göstərir və maliyyə ayırır. Həqiqətən də Ukraynada fəlakət dövrü yaşanır. Dünya ictimaiyyəti onillərdən sonra Avropa tarixində növbəti misilsiz fəlakətə şahidlik edir. Ukraynalı qadınların kütləvi zorlanmaya məruz qalması danılmaz faktdır. Acınacaqlı hal odur ki, qaçqın həyatı yaşamağa məcbur olmuş ukraynalı qadınlar sadəcə rus hərbçilərinin deyil, eyni zamanda sığındıqları başqa ölkələrdə də zorakılığa məruz qalırlar. Lakin buna baxmayaraq, 6 milyon ukraynalı ölkəni tərk etməyə məcbur olub. Çünki müharibə şəraitində, raket zərbələri altında, daim ölüm qorxusu ilə normal yaşaya bilməzlər. Savaş bitsə belə Ukraynanın tamamilə dağıdılmış iri şəhərlərinin bərpası illərlə vaxt aparacaq. Əlbəttə, belə şəraitdə qaçqın ukraynalıları qınamaq, onları “niyə bombalanan şəhərdə qalmırsız” deyə ittiham etmək ədalətsizlik olar. Sözün açığı, milyonlarla ukraynalı ölkəsinin aqibətini, daha dəqiqi Zelenski hakimiyyətinin perspektivini yaxşı görmür. Əhalidə Kiyevə inamsızlıq, etimadsızlıq yaranır. Ona görə də Ukraynaya qayıtmaqdan imtina edirlər”.