Bayden 30 illik yola diqqət çəkib


ABŞ Azərbaycanın etibarlı ölkə imicini yüksək qiymətləndirir

   “ABŞ Prezidenti Co Baydenin son 10 gündə Azərbaycan Prezidenti İlham Əliyevə ard-arda ikinci dəfə məktub göndərməsi Vaşinqtonun rəsmi Bakını etibarlı tərəfdaş kimi qəbul etməsindən və bu ölkənin ikitərəfli əlaqələrin daha geniş formatda inkişaf etdirilməsində maraqlı olmasından xəbər verir”. Bu barədə “Şərq”ə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
Partiya rəhbəri bildirib ki, Ağ Ev rəhbəri bütün məktublarda ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə diqqət çəkib. Bayden buna xüsusi önəm verərək vurğulayıb ki, ötən müddət ərzində transmilli təhdidlərlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaşlıq olub: “ABŞ Prezidenti ikinci məktubunda bildirib ki, hazırda bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsi yaşanır. Belə dövrdə ABŞ həm də təmiz enerjiyə keçidlə bağlı zəruri tədbirlər həyata keçirir. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaqda şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir. O, bu məqsədə nail olmaq üçün Azərbaycanın regional səylərdə mühüm rol oynadığını qeyd edib. Bayden onu da bildirib ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında olduqca əhəmiyyətli ölkədir. Həmçinin, ölkəmizin Ukrayna üçün mühüm olan yanacağı təmin etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynadığı göz qabağındadır. İstər ABŞ Prezidenti, istərsə də bir sıra digər Qərb liderləri heç şübhəsiz ki, Azərbaycanın sərgilədiyi etibarlı ölkə, ciddi tərəfdaş səylərini yüksək qiymətləndirirlər. Çünki Azərbaycan öz öhdəliklərinə hörmətlə yanaşdığını dəfələrlə təsdiqləyib, etibarlı ölkə imicini formalaşdıra bilib. Bu da müasir beynəlxalq münasibətlər sistemində çox önəmli məqamdır”.