Bir azdan sakitləşəcəklər


Erməni müxalifəti Bakı ilə artıq başlanmış sülh prosesini pozmaq gücündə deyil


Ermənistanda may ayının əvvəlindən davam edən etiraz aksiyaları zamanı zorakılıq halları artıb. Çünki gündəlik aksiyalar dövlət çevrilişi cəhdlərinə və küçə toqquşmalarına çevrilməkdədir. Nümayişçilər bir neçə dəfə hökumət binasına basqın etmək istəyiblər. Baş nazir Nikol Paşinyanın fəaliyyətini sərt tənqid edən müxalifətçilərlə polislər arasında toqquşmalar olub. Polisin sərt müdaxilə etdiyi etirazlar zamanı 100-dən çox nümayişçi saxlanılıb. Paşinyanın əleyhdarları demək olar ki, hər gün axşam saatlarında paytaxt İrəvanın “Fransa” meydanına toplaşırlar. Nümayişçilər yürüş zamanı Paşinyan əleyhinə şüarlar səsləndirir, istefasını tələb edirlər. 

Erməni mediası yazır ki, aksiya keçirən müxalifət fəalları xaricdəki havadarlarından yardım istəyirlər. Müxalif “Ermənistan” fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan deyib ki, Ermənistana çoxsaylı beynəlxalq nümayəndə heyətləri gələcək və bu istiqamətdə işlər aparılacaq. Erməni politoloq Levon Şirinyan iddia edib ki, Rusiyanın agent şəbəkəsi Ermənistandakı mitinqləri koordinasiya etməyə çalışır. Onun sözlərinə görə, dövlət özünü müdafiə etməyi bacarmalıdır: 

“Ermənistanda baş verən mitinqləri Rusiya təşkil edir. Ötən gün baş verənlər hücum idi, iğtişaş idi. Aksiyaçılar dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına hücum edirlər. Məqsədləri bu eskalasiya hesabına dalğanı qızışdırmaqdır. Aydındır ki, burada rus izi, yəni ölkəni qeyri-sabit saxlamaq məsələsi var. Onların əhəmiyyətli bir hissəsinin Rusiya KQB-nin keçmiş agentləri olduğuna heç bir şübhəm yoxdur. Rusiya palçıqda qalıb. Ermənilərin Rusiyaya qarşı qeyri-rasional münasibəti belə bir görüntü yaradır ki, o ölkə bata bilməz. Amma o gəmi batdı. Onun bizimlə məşğul olmağa vaxtı yoxdur”. 

Ermənistandakı etirazları “Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, davamlı etiraz aksiyaları müxalifətin iştahını artırır. Analitik qeyd edib ki, müxalifət məhz “Qarabağ kartı”ndan istifadə edərək 20 ildən artıq hakimiyyətdə qala bilib: 

“Prosesləri yenidən həmin müstəviyə daşımağa çalışırlar. Məsələ ondadır ki, Brüssel görüşündən sonra danışıqlara və müəyyən nəticələrin olacağına ümid yaranıb. Ermənistan müxalifəti, “Qarabağ klanı” bunun qarşısını almaq niyyəti güdür. Etiraz aksiyalarının məqsədi, səsləndirilən şüarlar da məhz buna xidmət edir. Nümayişçilərin sayında az nisbətdə say artımı olsa da, geniş kütlələrin köhnəlmiş müxalifəti etimadı yoxdur. Geniş elektorat müxalifətə dəstək vermir. Narazılıq prosesini kiçik qruplarla davamlı etməyə, sürdürməyə çalışırlar. Əgər “Qarabağ klanı” və onlara bağlı dairələrin əlində daha təsirli rıçaqlar olsaydı, Paşinyanı çoxdan devirmişdilər. Göründüyü kimi məğlub da olsa, Nikol Paşinyanın dayaqları daha güclüdür. İrəvan hökumətinin etirazların öhdəsindən gələcəyini və rəsmi Bakı ilə danışıqları davam etdirəcəyini düşünürəm. Baş nazir Paşinyan Azərbaycanla danışıqlarda ölkə daxilindəki etirazlardan müəyyən məqamlarda istifadə edə bilər. Öz şərtlərini irəli sürmək üçün ermənilərin narazılıqlarını ortaya atar. Ancaq müxalifət rəsmi Bakı ilə artıq başlanmış bir prosesi pozmaq gücündə deyil. Bir müddət sonra etirazlar səngiyəcək. Əslində müxalifəti Qarabağın taleyi düşündürmür. Sadəcə, fürsətdən yararlanaraq Paşinyanı mümkün qədər xalqın gözündən salmağa cəhd göstərirlər”.