Türkiyə ilə İsrail arasında “buzlar əriyir”

“Rəsmi Təl-Əviv rəsmi Ankaranın artan nüfuzunu və hərbi gücünü nəzərə alaraq rəsmi Ankara ilə münasibəti düzəltmək qərarına gəldi”  


Türkiyə ilə İsrail arasında qarşılıqlı səfir təyinatı ilə bağlı qərar qəbul edilib.Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə dövləti tərəfindən İsrailin Təl-Əviv şəhərinə səfir təyin ediləcəyi ilə bağlı qərar qəbul olunduğunu açıqlayıb. İsrailin Baş naziri Yair Lapid  isə öz “Twitter” hesabında İsrail və Türkiyənin səfir və baş konsullarını yenidən geri qaytardığını qeyd edib: “Rəsmi Ankara ilə münasibətlərin yenilənməsi regional sabitlik üçün mühümdür və İsrail vətəndaşları üçün iqtisadi baxımdan çox vacibdir”.

 Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli mövcud Türkiyə-İsrail münasibətlərindən “Sherg.az”a danışarkən bildirib ki, hazırda iki ölkə arasında müşahidə edilən istiləşmə pandemiya dövründən başlayıb:

 “Son olaraq Fələstində İslami Cihad Hərəkatı ilə İsrail ordusu arasında olan hərbi toqquşmada rəsmi Ankara İsrailə əvvəlki illərdə olduğu kimi sərt bəyanat vermədi. Burdan da hiss olunurdu ki, iki ölkə arasında yaxınlaşma olacaq”. 

Politoloqun fikrincə, yəhudi milləti olduqca ağıllıdır. Onlar həmişə güclə hesablaşan xalq olublar. İsrail Türkiyənin artan nüfuzunu və hərbi gücünü nəzərə alaraq rəsmi Ankara ilə münasibəti düzəltmək qərarına gəlib:

 “Türkiyə də bu geostrateji qarşıdurmada Qərb, Rusiya və Çini nəzərə alaraq belə çətin durumda özünə dost qazanmaq istədi. Bu zaman o özünün PKK/YPG ilə apardığı  mübarizəni də nəzərə aldı. 
Qeyd edim ki, son illər PKK/YPG Türkiyə ordusu tərəfindən öz tarixində indiyə qədər almadığı çox ağır zərbələr aldı”. 

Ə.Məmmədlinin sözlərinə görə, PKK-nın üzərində İsrailin çox ciddi təsiri var:

“Rəsmi Ankara, eyni zamanda, bu  cəbhəni zəiflətmək üçün də İsrail ilə münasibətləri yumşaltmaq qərarına gəlib”.