Üçtərəfli görüş! – Masada hansı mövzular olacaq? - AKTUAL

“Ukrayna-Rusiya müharibəsinin diplomatik yolla sona çatdırılması müzakirə olunacaq”

“Əgər burda produktiv nəticələr əldə olunsa, bu, Türkiyənin dünyadakı nüfuzunu daha da artıracaq”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə  Lvov vilayətinə işgüzar səfərə gedib. Səfər zamanı strateji tərəfdaşlıq çərçivəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektləri müzakirə olunacaq. Qeyd edək ki,avqustun 18-də BMT baş katibi Antonio Quterreş də Ukraynaya gedib. Onun Lvovda Türkiyə və Ukrayna liderləri ilə  üçtərəfli görüşü nəzərdə tutulub.

Üçtərəfli görüşü “Sherg.az” şərh edən politoloq  Həsrət Rüstəmov bildirib ki, görüşdə müzakirə olunacaq əsas mövzu Ukrayna-Rusiya müharibəsidir:

“Bu müharibənin diplomatik yolla sona çatdırılması ilə bağlı məsələlər masada olacaq. Təbii ki, mövzu olduqca ağırdır. Türkiyə prezidentinin münaqişənin həlli istiqamətində daha öncə də təşəbbüsləri olub. Lakin Ukrayna və Rusiya tərəfi bu təşəbbüsləri layiqincə qiymətləndirə bilməyiblər”.

Politoloq BMT baş katibinin görüşdə iştirakına diqqət çəkib:

 “Baş katibin burda iştirakı simvolik xarakter daşıyır. Çünki Rusiya, ABŞ kimi böyük güclər BMT-ni çox vaxt qərarların qəbul edilməsində təzyiq vasitəsi olaraq istifadə edirlər. BMT-nin hazırkı katibi də dünyada o qədər də nüfuzlu adam hesab olunmur. O Rusiyaya öz iradəsinin diqtə edə bilməz. 

Bu mənada burda əsas qüvvələr Ukrayna və Türkiyədir. Antonio Quterreşin iştirakı isə görüşə sadəcə beynəlxalq imic qazandırır”.

 H.Rüstəmovun fikrincə, istənilən halda rəsmi Ankaranın bu cür qlobal məsələdə aparıcı rol oynamasını yüksək qiymətləndirmək lazımdır:

 “Bu, Türkiyənin təkcə regionda deyil, dünyada da güc sahibi olduğunun göstəricisidir. Belə yanaşdıqda üçtərəfli görüşün Azərbaycan, o cümlədən, region üçün də mühüm əhəmiyyət kəsb etdiyini deyə bilərik. Əgər burda produktiv nəticələr əldə olunsa, bu, Türkiyənin dünyadakı nüfuzunu daha da artıracaq”.