Aİ ilə Rusiya arasında diplomatik mübarizə! –Bu marafonda kim uduzacaq, kim udacaq? – ŞƏRH 

Avqustun 30-da Moskvada Azərbaycan və Ermənistan Baş nazir  müavinlərinin sədrliyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşü keçirilib. İclasdan öncə Rusiya hökümətinin sədri Aleksey Overçuk, Azərbaycan və Ermənistan Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanla görüşüb. O, komissiyaların işinin davam etdirilməsini alqışlayıb.Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar. Üçüncü görüşün razılaşdırımış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.Qeyd edək ki, bu, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın sayca ikinci görüşdür. İlk görüş bu il mayın 24-baş tutub.

Görüşü “Sherg.az”a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, 44 günlük İkinci Qarabağ savaşından sonra regionda Avropa İttifaqı ilə Rusiya arasında diplomatik siyasi müstəvidə mübarizə gedir:

“Hər iki tərəfin bu mübarizədə  əsas məqsədi öz nüfuz dairəsini qoruyub saxlamaq, onu inkişaf etdirməkdir. Müharibəyə qədərki dönəmdə ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan arasında siyasi danışıqlar təşkil edib, moderator qismində çıxış edirdi. Amma müharibə və onun geosiyasi nəticələri göstərdi ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti əhəmiyyətsiz, reallıqlara uyğun deyil. Bu baxımdan indi regionda Avropa İttifaqı ATƏT-in Minsk qrupunu əvəz etməklə yeni reallıqlar və şərtlər əsasında münasibətlər qurur. 

Çünki Aİ-nin da bu məsələdə özünün enerji təhlükəsizliyi ilə bağlı maraqları var. Rusiya çox ciddi cəhdlərlə regionda öz “rıçaqlarını” qoruyub saxlamağa çalışır. 2020-ci il 10 noyabr Bəyanatı da rəsmi Moskvanın vasitəçiliyi ilə imzalanıb. Eyni zamanda bu bəyanatdan sonra 11 yanvar  və 26 noyabr Soçi görüşü nəticəsində də yeni bəyanatlar imzalandı. 

Lakin  Brüssel formatı və sülh gündəliyinə uyğun olaraq keçirilən təmaslar bir qayda olaraq nəticəliliyi ilə seçildi. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında  sonuncu Brüssel görüşü 22 mayda baş tutdu. Bundan sonra tərəflər arasında sərhədlərin müəyyənləşdirilməsi və delimitasiyası ilə bağlı komissiyanın tərkibi seçildi. 

Baş nazirlərin müavinləri əvvəlcə Ermənistan-Azərbaycan sərhəddində daha sonra isə Moskvada görüşdülər. Avqustun 30-da isə İkinci Moskva görüşü keçirildi. Belə bir mənzərəyə şahid oluruq ki, Rusiya və Avropa İttifaqının tərəflər arasında təşkil etdikləri görüşlər  sanki bir-birini əvəz edir”. 

Politoloqun sözlərinə görə, sərhədlərin müəyyənləşməsi ilə bağlı Moskva görüşü çox ciddi nəticələrlə yadda qalmasa da, masada bir sıra məsələlər müzakirə olunub: 

“1918-ci ildən bu yana olan xəritələr üzərindən sərhədlərin müəyyənləşdirilməsi ,eyni zamanda, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana verilməsi və rəsmi Bakının müəyyənləşdirdiyi formada Ermənistan-Azərbayacan sərhəddinin formalaşması Azərbaycanın tələbidir . Ermənistanın əsas istəyi isə qoşunların  geri çəkilməsi və SSRİ dağılandan sonrakı dönəmdəki sərhəd bölgüsünü əsas götürməkdir. Əsas polemika, müzakirə mövzusu da məhz budur. Lakin düşünürəm ki, sərhədlərin müəyyənləşməsindən öncə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul etməsi suverenliyimiz və ərazi bütövlüyümüz konteksində məsələlərə yanaşması əsas sayılmalıdır. Bundan sonra artıq Laçın dəhlizinə alternativ istifadəyə verilən yolun suverenliyi müzakirə oluna bilər”.

 İ.Hüseynov diqqətə çatdırıb ki, əslində avqustun əvvəlində tərəflər arasında görüş keçirilməli idi. Lakin Ermənistanın təxribatçı hərəkətləri “Qisas” anti-terror əməliyyatı Zabux Sus və Laçın şəhərinin mərkəzinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı bu görüş gecikdi:

 “İndi siyasi gündəlikdə əsas məsələ imzalanacaq sülh müqaviləsinin mətni ilə əlaqədar komissiyanın yaradılmasıdır. Fikrimcə, ölkə rəhbərimizin siyasi iradəsi burda da öz sözünü deyəcək. Ümumilikdə region çox ciddi bir siyasi dönəmə qədəm qoyur. Danışıqlar da onu göstərir ki, bütün dünyanın əsas diqqət mərkəzi Cənubi Qafqaza yönəlib. Dəhlizlər üzərində nəzarət, ölkənin iqtisadi perspektivləri dünyanın aparıcı güc mərkəzlərinin diqqətindədir. Bu baxımdan gedən marafonda birincilik əldə etmək üçün vasitəçilər də böyük səylə çalışırlar”.