Brüssel görüşünün nəticəsi:“Siyasi üfüqlərdə sülhün işartıları...”

“İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaqlar”

“Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq”

Avropa İttifaqı(Aİ) Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Ş.Mişel arasında görüş keçirilib. Görüşdə bir sıra konkret nəticələr əldə olunub. Tərəflər Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılığa gəliblər. İmzalanmış yeni sənəddə Qarabağ mövzusu ,eləcə də, ATƏT-in Minsk Qrupu qeyd olunmayıb. Bu  bir daha Minsk Qrupunun formatının məhv olduğunu göstərir.  Görünən odur ki, bundan sonra  Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində əsas vasitəçi Aİ olacaq.  Sülh müqaviləsi isə rəsmi Bakının irəli sürdüyü və rəsmi İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacaq. 

Görüşü “Sherg.az”a şərh edən Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu qeyd edib ki, nəticələr postmüharibə mərhələsində sülhə doğru mühüm dönüş kimi qiymətləndirilə bilər:

“Bu Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur. Postmüharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticə gərgin səylər, qətiyyət tələb edirdi.  Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacardı. Nəzərə almaq lazımdır ki, bu nəticələr məğlub olmasına baxmayaraq sülh istəməyən bir ölkənin iradəsinə qarşı əldə edildi. Müharibədən iki il keçməsinə rəğmən, Ermənistan daim sülhə qarşı təxribatlar törədir, üçtərəfli bəyanatın mətnini manipuliyasiya etməyə çalışır, gizli qapılar arxasında özünə yeni hamilər axtarırdı”. 

H.Babaoğlunun sözlərinə görə, Brüssel formatında keçirilən son görüşdə  Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlməyin mümkün olmadığı hər kəsə aydın oldu:

 “Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. Beləliklə, Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır. İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaqlar. Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq. Ermənilərin şiddətlə arzu etdikləri Minsk Qrupu yaxud ümumiyyətlə Qarabağ adı mətnin məzmununda olmayacaq”. 

Parlamentarinin qənaətincə, bütün bunlar Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmaq baxımından ciddi dönüşdür:

“Danışıqların bu məcrada inkişaf etməsində Avropa İttifaqı (Aİ) və xüsusilə Aİ Şurasının prezidenti Şarl Mişelin önəmli rolu var. Qarşıdakı mərhələnin intensiv danışıqlar və inteqrasiya mərhələsinə çevirilməsi üçün artıq  ilkin şərtlər mövcuddur”.