KTMT sülh sazişinin imzalanmasını dəstəkləyir


Təşkilata üzv dövlətlərin Azərbaycanla sıx tərəfdaşlıq münasibətləri var

  Ermənistanın Baş naziri Nikol Paşinyan son toqquşmalar fonunda İkinci Qarabağ müharibəsində olduğu kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsini tələb edib. Paşinyanın təkidi əsasında təşkilata üzv dövlətlərin liderləri videoformat çərçivəsində qısa müzakirə keçiriblər. Bir daha bəlli olub ki, Ermənistanın təxribatlarına görə təşkilata üzv dövlətlər Azərbaycan əleyhinə qərar qəbul etmək istəmirlər. 

  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, KTMT-də Ermənistan xaricində üzv dövlətlərin Azərbaycanla sıx tərəfdaşlıq münasibətləri var. Onun sözlərinə görə, təşkilatın üzvlərindən Qazaxıstan Prezidenti Kasım Jomərt Tokayev avqust ayında Azərbaycana səfər etmiş və bildirmişdi ki, Azərbaycanla strateji tərəfdaşlıq strateji müttəfiqlik səviyyəsinə qaldırılıb: "Tokayev videformat çərçivəsində keçirilən müzakirədə Paşinyana bir daha xatırladıb ki, Ermənistanın Azərbaycanla mübahisəsinə qarışmayacaqlar, bunun əvəzinə sülh sazişinin imzalanmasını dəstəkləyirlər. KTMT Paşinyanı sakitləşdirmək üçün, sadəcə, Ermənistana ekspert qrupu göndərəcək. Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılmaması KTMT üzvlərinin xoşuna gəlməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək. Halbuki, Paşinyan Səmərqənddə İlham Əliyevlə görüşüb son vəziyyəti müzakirə edə bilərdi. Paşinyan bu fürsəti qaçırtdı.  Bu arada, Çin lideri Tsi Sinpinin Səmərqənddən əvvəl Qazaxıstana səfəri diqqət mərkəzində idi. Tokayev Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Çin Qazaxıstanın əsas ticarət tərəfdaşlarındandır. Si Sinpin də çıxışında ölkəsinin Qazaxıstanla əlaqələrə önəm verdiyini bildirib. Si Sinpinin sonrakı cümləsi də maraqlıdır: “Pekin bundan sonra da Qazaxıstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək”.

  E.Şahinoğluna görə, Si Sinpinin bu cümləsi Kremlə mesajdır:

 "Çünki məhz Rusiyanın siyasi və ekspert dairələrində Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar səsləndirilir və bu, mediada yayımlanır. Qazaxıstanın ərazi bütövlüyünü dəstəkləmək Pekinə praktik baxımdan da vacibdir. Çindəki uyğurların bir hissəsi öz hüquqları uğrunda mübarizə aparır. Pekin bu mübarizəni Çinin ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir. Pekin Qazaxıstanın ərazi bütövlüyünü dəstəkləməklə Nursultanın da Çinin ərazi bütövlüyünü dəstəkləməsini istəyir. Çünki Çindəki rejimin işgəncələrindən qaçan uyğurların bir qrupu Qazaxıstanda sığınacaq tapıb. Çin Qazaxıstana milyardlarla dollar yatırım qoyub. Pekin “bir kəmər, bir yol” layihəsini reallaşdırmağa çalışır. Bu layihəyə xeyli ölkə cəlb olunub. Qazaxıstanla yanaşı Azərbaycan da bu layihənin tərkib hissəsi olmaq istəyir. Rəsmi Bakının Şanxay Əməkdaşlıq Təşkilatına marağı məhz bununla bağlıdır. İrəvan da Çinin “bir kəmər, bir yol” layihəsində iştiraka can atır. Ancaq Paşinyan toplantıya qatılmamaqla Ermənistanın bu layihədə iştirakı imkanını minimuma endirir".