ABŞ Paşinyanı yanına çəkə bildi

Regionu getdikcə daha mürəkkəb proseslər gözləyir

  Rusiya XİN Azərbaycanla Ermənistan arasında atəşkəs razılığı əldə olunduğunu açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib ki, regiondakı nizamlanmanın əsasını Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatlar təşkil edir: "Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı Rusiya tərəfinin mövqeyi Rusiya XİN-in bəyanatında öz əksini tapıb. Daha ətraflı mövqe isə Rusiya XİN-in dördüncü MDB departamentinin rəisi Denis Qonçarın müsahibəsində öz əksini tapıb. Təəssüflər olsun ki, atəşkəs haqqında birinci razılaşmadan sonra atışmalar olub. Yeni razılıq əldə olundu. Ümid edirik ki, bu razılığa riayət olunacaq. Bir daha tərəfləri təmkinli olmağa və bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırırıq". 

  Zaxarova əlavə edib ki, sərhəddəki gərginliyə baxmayaraq, sülh sazişi üzrə iş dayanmayıb: "Bu, başlıca prioritetdir. Rusiya tərəfi lazımi köməkliyi göstərir. Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də İrəvanda səfərdə olub. Hər iki səfərdə əsas mövzu sülh sazişinin müzakirəsi olub. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa səy göstəririk. Sizi əmin edirəm ki, bu səylər davam edəcək”. 

  Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, Rusiyanın prosesdə oynadığı rolun konstruktiv olmasını heç kim iddia edə bilməz: 

"Rusiya son hadisələrdə gözləmə mövqeyi seçməklə özünü neytral göstərsə də, hadisələrə nəzarəti əldən verməyib. Atəşkəsə nail olmaqla da bunu sübut etdi. Hesab edirəm, burada Qərbin əli olduğu açıq görünür. Amerikanın təyin etdiyi nümayəndə üç gün İrəvanda danışıqlar apardı. Minsk qrupunu diriltmək üçün regiona gələn nümayəndənin Bakıda qəbul edilməsi üçün zəmin hazırladı və buna nail oldu. Münaqişənin tənzimlənməsi üçün onlara ehtiyac olduğunu isbat etməyə çalışdı və müəyyən mənada bunu da bacardı. Bundan sonra sülh danışıqlarının əvvəlki kimi aparılması perspektivini müsbət dəyərləndirmək olmaz. Hesab edirəm ki, danışıqlar artıq uzanacaq. ABŞ Nikol Paşinyanı öz yanına çəkə bildi və Paşinyan ŞƏT-nın yığıncağında iştirakdan imtina etdi. Zəngəzur dəhlizinin olmayacağını dedi. Görünən odur ki, Amerika da regiona yenidən daxil ola bildi. Bundan sonra hadisələrin çoxtərəfli inkişaf edəcəyi anlaşılır. Regionu getdikcə daha mürəkkəb proseslər gözləyir".