"İranın "din" adlı siyasi təbliğatı güclənir

"Şəhid analarının yaralarından istifadə edib onları əhatəyə alırlar"

  "İranın "din" adlı siyasi təbliğat maşını öncə dəstə şəklində şəhidlərin dəfn mərasimlərinə gedib, sinə vururlar". Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi, beynəlxalq məsələlər üzrə eksper Əziz Əlibəyli deyib. Ekspert bildirib ki, həmin dəstə bunu bütün şəhidlərə etmirlər, ailənin psixoloji durumuna uyğun olaraq seçim edirlər: "Dəfnə gedə bilməyən qadınlar yas mərasimlərinə gedir, orada "Hüseyn", "Əbəlfəz" mərsiyələri deyirlər. Anaları onların anasına, bacıları onların bacısına bənzətməklə şüarlar səsləndirirlər. Sonra digər günlərdə qrup şəklində şəhid ailələrinə baş çəkirlər. Dindən, axirətdən, hicabdan danışırlar. 

Bayramlarda, dini günlərdə yenə şəhid analarının yanına gedirlər. Onları guya unutmurlar, dərdlərinə şərik çıxırlar, neçə əsr qabaq xanım filankəslər bunu ediblər, onu ediblər, deyə "təsəlli" verirlər. Bundan sonra artıq dəvətlər başlayır. Şəhidin ad günlərini "mövludu" deyərək, dini sözlərlə bəzəyərək hər yerdə paylaşırlar. Guya, şəhid anasını tək qoymurlar və həmin evə öz qəbillərindən olan hamını dəvət edirlər. Evlərdə müqəddəs saydıqları yerlərdən gətirilmiş dini şüarlar, əşyalar, oxunmuş tütyələr və s. asırlar. Ailəni bir növ psixoloji əhatələyirlər". 

Ə.Əlibəyli bəyan edib ki, daha sonra xeyriyəçi filankəsin dəstəyi ilə anaların Məşhəd və Kərbəla ziyarətləri təşkil olunur:

 "Burada şəhidin şəkli olan geyimlər geyinən gənclər, bayraqlar olur. Onlara hər cür xidmət təşkil edilir. Şəhid anası dərdli adamdır, əlbəttə yarası var və onun üçün elə yerlər bir təsəllidir. Həmin yaradan sui-istifadə edirlər və şəhid anaları artıq onların əhatəsinə salınır. Din adı altında ideoloji-siyasi hərəkat edənlərdən biri həbs olunanda da şəhid analarından istifadə edirlər. Deyirlər, filankəs şəhidimizin anası haqq yolunda olanlara dəstək çıxdı. Siz kimsiniz ki, onu həbs edirsiniz? Şəhid anasından çox bilirsiniz? Sonra sosial şəbəkələrdə təbliğat başlayır ki, vətən uğrunda balasını qurban edən anaya qarşı zorakılıq edildi və s. Ay millət, bunlar şeytanlardır".